Son 5 ildə Azərbaycanda ən çox nələr bahalaşıb? – STATİSTİKA

Son 5 ildə Azərbaycanda ən çox nələr bahalaşıb? – STATİSTİKA
Azərbaycanda 2015-ci ildə baş verən 2 devalvasiyadan sonra qiymət səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi müşahidə edilir. 2015-ci ildəki qiymətlərlə müqayisədə 2020-ci ilin sonunda ümumi bahalaşma 37 faizə çatıb. Bahalaşmada 2016 və 2017-ci ildəki ikirəqəmli inflyasiya əsas rol oynayıb. Həmin illərdə müvafiq olaraq 12,4 və 12,9 faiz qiymət artımı qeydə alınmışdı. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, bu dövrdə ərzaq məhsulları 48 faiz, qeyri-ərzaq məhsulları 37 faiz, pullu xidmətlər 22,4 faiz bahalaşıb.
 
Ərzaq məhsulları arasında ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb. Son 5 ildə tərəvəzlərin qiyməti 62,3 faiz yüksəlib. 

Bu dövrdə kərə və bitki yağları 58,93 faiz, çay, qəhvə və kakao 56,8 faiz, meyvələr 45,5 faiz bahalaşıb. Mühüm ərzaq məhsullarından olan çörək və çörək məhsullarının qiyməti 32,5 faiz, ət və ət məhsullarının dəyəri 38,8 faiz yüksəlib. 
Müqayisə olunan dövrdə araq və konyaklar 35,8 faiz, çaxırlar 26,5 faiz, pivələr 39,75 faiz, siqaretlər 85,7 faiz dəyər qazanıb. 

Qeyri-ərzaq malları arasında bahalaşma səviyyəsi yüksək olmasa da, bəzi məhsulların dəyərində ciddi artım müşahidə edilir. Qiymətləri daha çox artan məhsullar arasında parçaların (59,65 faiz), xalçaların (61,3 faiz), şüşədən hazırlanan məmulatların (52,7 faiz), evə qulluq etmək üçün lazım olan məhsulların (53,7 faiz), minik avtomobilləri üçün ehtiyat hissələrinin (50 faiz), dəftərxana ləvazimatlarının (56,7 faiz), zərgərlik məmulatlarının (50,6 faiz) adını çəkmək olar.
Pullu xidmətlər arasında da kəskin bahalaşan xidmətlər var. Son 5 ildə kanalizasiya xidmətinin dəyəri 144,7 faiz, dəniz nəqliyyatı ilə sərnişindaşıma xidməti 59 faiz, dəmiryol nəqliyyatı ilə sərnişindaşıma qiyməti 51,45, işığın qiyməti 40 faiz artıb. 
Son 5 ildə telefon rabitəsi xidməti 1,8 faiz ucuzlaşıb, mərkəzi isitmə, poçt, zibilin daşınması xidmətlərinin dəyəri sabit qalıb. 

Vasif
Sfera.az






OXŞAR XƏBƏRLƏR