Son 10 ildə Azərbaycanda ən çox nə BAHALAŞIB? – STATİSTİKA

Son 10 ildə Azərbaycanda ən çox nə BAHALAŞIB? – STATİSTİKA
2010-2020-ci illər ərzində Azərbaycanda qiymətlər ümumilikdə 62,9 faiz artıb. Rəsmi məlumatlara əsasən, on il ərzində ərzaq məhsulları 82,9 faiz, qeyri-ərzaq malları 54 faiz, pullu xidmətlər 37,7 faiz bahalaşıb. 

Faktların təhlili göstərir ki, onillik dövr ərzində bahalaşmanın güclənməsi ikinci beşillikdə baş verib. 2015-ci ilə qədərki birinci beşillikdə bahalaşma sürəti 22,3 faiz təşkil etməklə ikinci beşillikdən xeyli zəif olub. 

Sfera.az bildirir ki, birinci beşillikdə ərzaq məhsulları 26,4 faiz, qeyri-ərzaq malları 19,7 faiz, pullu xidmətlər 13,2 faiz bahalaşıb. 

İkinci beşillikdə vəziyyət köklü surətlə dəyişib. Devalvasiyanın baş verməsi mal və xidmətlərin manatla ifadədə dəyərinin kəskin artımını şərtləndirib. Buna görə də ikinci beşillikdə qiymətlər daha 39,7 faiz artıb, o cümlədən ərzaq malları 56,5 faiz, qeyri-ərzaq malları 34,3 faiz, pullu xidmətlər 24,5 faiz bahalaşıb. 

On il ərzində ərzaq məhsullarının daha çox bahalaşması müşahidə edilib. 2010-cu ildə 100 manata olan ərzaq məhsullarını 2020-ci ilin sonunda 183 manata almaq mümkün olub. Onillik dövrdə ərzaq mallarında bahalaşma sürəti pullu xidmətlərdən 2,2 dəfə, qeyri-ərzaqdan 1,53 dəfə güclüdür. Ərzaq mallarının bu dərəcədə bahalaşması dünyada qida məhsullarının dəyərinin kəskin artması, eyni zamanda ölkə daxilində yeyinti məhsullarına olan tələbin zəifləməməsi ilə bağlıdır. Bir qayda olaraq əhalinin gəliri azaldıqda qeyri-ərzaq mallarına və pullu xidmətlərə tələb zəiflədiyi halda ərzaq məhsullarına olan tələb zəifləmir. Buna görə də hər il ərzaq mallarının qiymətində daha yüksək artım dinamikası qeydə alınır. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR