SOCAR-ın İtaliya şirkəti ilə yeni sazişi şərh edildi

SOCAR-ın İtaliya şirkəti ilə yeni sazişi şərh edildi
 "Bərpa olunan qazları Cənub Qaz Dəhlizi ilə ixrac edərək ölkə iqtisadiyyatına əlavə gəlir qazandıra bilərik”.
 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Snam” arasında imzalanan saziş Azərbaycan və İtaliya arasında təsis edilən çoxşaxəli iqtisadi əlaqələrin daha da genişlənməsinə töhfə verəcək və gələcək üçün yeni əməkdaşlıq perspektivləri yaradaraq, hər iki ölkəyə uzun müddətli dividendlər gətirəcək.

 

Bu barədə Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə SOCAR və İtaliyanın "Snam” şirkəti arasında fevralın 20-də dayanıqlı enerjinin təbliği ilə bağlı imzalanan sazişi şərh edərkən bildirib.

 

"Bildiyiniz kimi, Azərbaycanda prioritet istiqamətlərdən biri də enerji istehsalında bərpa olunan enerjinin payının artırılmasıdır. Hazırda ölkəmizdə elektrik enerjisi istehsalının 8%-i alternativ enerji mənbələrindən, geri qalanı isə təbii qazdan əldə edilir. Bu çərçivədə, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-ə çatdırılması əsas hədəflərdən biridir. Çünki alternativ enerji mənbələrinin inkişafı ilə daxili bazarda təbii qazın sərfiyyatı azaldıla bilər. Beləliklə, qənaət edilən təbii qaz həm ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər, həm də daxildə emal sənayesində xam mal kimi istifadə edilə bilər. Nəzərinizə çatdırım ki, hazırda "SOCAR Metanol” və "SOCAR Karbamid” zavodlarının əsas xam mal ehtiyacı təbii qazdan meydana gəlir. Təbii qaz emal olunub karbamid istehsal olunduqda onun dəyəri iki dəfədən çox artır.

 

Bununla yanaşı, Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35% azaldılmasını hədəf kimi götürüb”.

 

Ekspert bildirib ki, bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün bu həm Azərbaycanın Pariş sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək.

 

"Beləliklə, müəyyənləşdirilən hədəfə çatmaq üçün külək və günəş enerjisi ilə bərabər, biokütlə enerjisindən istifadənin artırılması olduqca əhəmiyyətlidir. Bildiyiniz kimi bioqaz və biometan üzvi tullantı maddələrindən, əsasən də bitki tullantıları və heyvan gübrələrindən əldə edilir və bərpa olunan enerjinin bir növüdür. Bu enerjidən əsasən kənd təsərrüfatı sənayesinin inkişaf etdiyi ölkələrdə geniş istifadə edilir. Son illərdə Azərbaycanda da, kənd təsərrüfatı sənayesi yüksələn xətt üzrə inkişaf edir. Təkcə ötən il bu sektorda 7% artım qeydə alınıb və növbəti illərdə bu tendensiyanın davam edəcəyi gözlənilir. Bu da, öz növbəsində bizim üçün yeni fürsətlər ortaya çıxarır. Çünki bioqazlar məişət tullantıları ilə yanaşı, əsasən toyuq peyininin istifadəsi ilə əldə edilir, hansı ki, toyuq peyini torpaqlarda şoranlığa səbəb olduğu üçün kənd təsərrüfatında gübrə kimi istifadə edilə bilmir”.

 

Ekspert qeyd edib ki, istifadə edilə bilməyən bu gübrə bioqaza çevrilərək iqtisadi baxımdan faydalı ola bilər. Onun sözlərinə görə, eyni zamanda, bioqaz istehsal edilərkən ondan gübrə almaq da mükündür və bu gübrələr həm kiməyi gübrələri əvəz edə, həm də əlavə gübrə kimi istifadə oluna bilər:

 

"Qeyd edim ki, bu gübrələr torpağın məhsuldarlığını artırmaqla yanaşı, bitkilərin xəstəliklərə qarşı daha müqavimətli olmasına imkan yaradır. Beləliklə, bioenerjinin istehsalının artırılması ilə həm tullantı maddələrini yenidən emal edib iqtisadiyyatımızı şaxələndirə bilərik, həm də ətraf mühiti zərərli maddələrdən təmizləyərək təbiəti qoruya bilərik.

 

Bioenerji istehsalının inkişafı Azərbaycanda məşğulluq səviyyəsinin yüksəlməsinə də imkan yaradacaq. Belə ki, tullantıların toplanması və yandırılması prosesi böyük işçi qüvvəsi ilə həyata keçirilir. Yəni, daha çox bioqaz istehsalı, daha çox məşğulluq deməkdir”.

 

E. Axundzadə vurğulayıb ki, bununla yanaşı, bu gün qazla təmin edilməyən bəzi ucqar kənd yerlərində hələ də mənzillərdə odun və kömürdən istifadə edilir. "Bu isə öz növbəsində həm meşələrin qırılmasına və torpaqların eroziyaya uğramasına, həm də atmosferin çirklənməsinə səbəb ola bilir. Ancaq bioqaz mənzillərdə elektrik enerjisi və istilik məqsədilə istifadə edilə bilər. Beləliklə, həm meşələri qorumuş olacağıq, həm də ucqar kəndlərdə daha təmiz və əlverişli yanacaq mənbəyindən istifadə edə biləcəyik.

 

Bununla yanaşı, gələcəkdə TANAP və TAP boru kəmərlərinin ötürmə gücünün iki dəfəyə qədər artırılması düşünülməkdədir. CQD vasitəsilə nə qədər çox qaz nəql edilərsə, bir o qədər Azərbaycan gəlirlərini artıra bilər. Çünki Azərbaycan bu layihəni meydana gətirən 4 seqmentin hər birində əsas pay sahibidir. Beləliklə, bərpa olunan qazları gələcəkdə CQD vasitəsilə ixrac edərək ölkə iqtisadiyyatına əlavə gəlir qazandıra bilərik”.

 

Ekspert xatırladıb ki, müqavilə çərçivəsində CNG yanacağının nəqliyyat sektorunda situmullaşdırılması da nəzərdə tutulub ki, bu da həm iqtisadi həm də ekoloji cəhətdən olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu gün ölkədə atmosferə atılan tullantı maddələrin 85%-i avtonəqliyyatlardan qaynaqlanır.

 

"Bunun da əsas səbəbi, son illərdə ölkəyə gətirilən avtomobillər içərisində köhnə avtomobillərin üstünlük təşkil etməsidir. İnkişaf Etmiş Ölkələrdə ətraf mühitin qorunması məqsədi ilə CNG ilə işləyən nəqliyyat vasitələrindən geniş istifadə edilir. İtaliya başda olmaqla Avropanın müxtəlif ölkələrində ictimai nəqliyyatda CNG ilə işləyən avtomobillərə üstünlük verilir. Çünki digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emisiya edir. Azərbaycanda az, təqribən, 2000 minik avtomobili və 300 "Baku Bus” avtobusları hazırda CNG ilə işləyir və bu sayının gələcəkdə daha da artırılması hədəflənir. Nəzərə alsaq ki, İtaliya CNG yanacağının istifadəsinə görə Avropada birinci yerdədir. "Snam” şirkəti ilə əməkdaşlıq bu yanacağın ölkəmizdə inkişafını sürətləndirəcək. Beləliklə, CNG avtomobillərinin sayının artması Azərbaycan vətəndaşlarının daha ucuz yanacaqla təmin olunmasına, ölkənin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına, və iqtisadi gəlirlərinin artmasına səbəb olacaq”.

 

Qeyd edək ki, fevralın 20-də SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan "Snam” arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. SOCAR və "Snam” arasındakı saziş enerji transformasiyası və dövri iqtisadiyyat ilə bağlı olan sahələrdə əməkdaşlığı əhatə edir:

 

- bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin anaerob emal müəssisələrin yaradılması üçün imkanların araşdırılması. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində "Snam”ın törəmə şirkəti olan "IES Biogas”ın təcrübəsi tətbiq oluna bilər. SOCAR və "Snam” bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır.

 

yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. "Snam”ın törəməsi olan "Cubogas” bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür.

 

- hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.



OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...