SOCAR əməkdaşları aztəminatlı ailələrə yardımlar paylayıb

SOCAR əməkdaşları aztəminatlı ailələrə yardımlar paylayıb
 

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aztəminatlı ailələrə sosial yardımlarını davam etdirir.

Sfera.az  xəbər verir ki, bu dəfə yardımlar N.Nərimanov adına NQÇİ, Dalğıc Xidməti və Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ailələrə çatdırılıb.
N.Nərimanov adına NQÇİ-nin yardım etdiyi ailələrdən biri Qobustan qəsəbəsi, massiv 1, ev 211 ünvanında yaşayan əlil Rzayeva Günay, iki qardaşı və anaları Rzayevə Həbibənin ailəsidir. Acınacaqlı ev şəraitində yaşayan ailə bir neçə il bundan öncə atasız qalıb. Həbibə xanım günəmuzd çalışanlardandır. Hazırda işsiz qalan ananın digər gəlir yeri yoxdur.
SOCAR-ın Dalğıc Xidməti də yardıma qoşulan idarələrdəndir. Xidmətin yardım etdiyi şəxslərdən biri acınacaqlı vəziyyətdə olan 1 otaqlı həyət evində yaşayan Xanım Mirzalı qızıdır. Tək qadın daha əvvəl qardaşı ilə yaşayıb, qardaşı ona maddi kömək göstərib, lakin bir neçə il bundan öncə qardaşı rəhmətə gedib. Hazırda məlum vəziyyətlə bağlı 65 yaşlı qadın işsizdir və günəmuzd qazancından məhrum olub. Əlavə gəlir yeri isə yoxdur.
31 saylı komandanın mühafizə etdiyi NEZ-in ətrafı da yardım olunan yerlərdəndir. Burada yardım edilən ailələrdən biri Cəlilabad rayonunda qeydiyyatda olan, lakin Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küç 63/3 ünvanında yaşayan 2 uşaq anası Əmiraslanova Nərgiz Malik qızının ailəsidir. Ağır vəziyyətdə yaşayan ailənin övladları müəyyən xəstəliklərdən əziyyət çəkir. Nərgiz xanımın 7 yaşlı qızının ürəyində tromb var, 5 yaşlı oğlu isə əsəb xəstəsidir. 30 yaşlı Nərgiz xanım özü Hepatit A daşıyıcısıdır. Xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmir. Günəmuzd işləyən həyat yoldaşı ailənin yeganə gəlir mənbəyidir. O da hazırda məlum vəziyyətlə əlaqədar işsizdir. 

OXŞAR XƏBƏRLƏR