Siz generallar Generalısınız! – Prezidentə məktub var

Siz generallar Generalısınız! – Prezidentə məktub var

Cəbhədə vəziyyət gərginləşəndən hərbi və diplomatik yolda atdığı qətiyyətli addımlara, mübarizə əzminə görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.


Sfera.az gündəlik olaraq həmin məktublardan bir neçəsini "Prezidentə məktub var” rubrikasında sizə təqdim edəcək.


Beləliklə 26 oktyabr tarixində Ali Baş Komandana ünvanlanan məktublardan bəzilərini sizə çatdırırıq:


Şəkidən 66 yaşlı Məmmədov Gülənməd: "Mənim 66 yaşım var. Lazım olarsa, mən də Vətən üçün bir əsgərəm”


"Hörmətli Prezident, cənab Ali Baş Komandan! Uzun illərdir ki, bütün bəşəriyyətin gözü önündə Siz öz alicənablığınızı, təmkinliyinizi, səbrinizi qorumusunuz. Ancaq həmişə də bəyan etmisiniz ki, öz torpaqlarımızın bir qarışını belə heç kimə verməyəcəyik. Cənab Prezident, Sizin çağırışınızla 50 mindən çox könüllü irəli atıldı. Düşünürəm ki, bu gün əsgərlərimiz "Vətən uğrunda! İlham uğrunda ilhamla!” deyərək hücuma keçir, ölümdən qorxmurlar və irəliləyirlər. Əminəm ki, tezliklə bayrağımız Şuşada dalğalanacaq. Çünki bu, bizim haqqımızdır. Atalar demişkən, "haqq nazilər, amma üzülməz”. Bu gün bütün xalqımız Sizin ən yüksək zirvəyə layiq olduğunuzu bilir. Siz generallar Generalısınız! Mənim 66 yaşım var. Lazım olarsa, mən də Vətən üçün bir əsgərəm. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna!


Hörmətlə, Məmmədov Gülənməd Yaşar oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu, Baş Zəyzid kəndi”.


 

7 yaşlı İbrahim Nəsirli yazır:


"Əziz Prezidentim. Mən Abşeron rayonu, Xırdalan şəhəri 1 nömrəli orta məktəbinin 2-ci sinfində oxuyuram. Mən əsgərlərimizə Vətənimizin azadlığı yolunda döyüşlərdə iştirak etdikləri üçün təşəkkürümü bildirirəm və Sizə Qələbə sevinci arzu edirəm. Sizi və əsgərlərimizi öpürəm. Allah Sizi qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Hörmətlə, Nəsirli İbrahim Elnur oğlu, şagird.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri”.

 

 

Tərtər rayonundan Ramil Ağayev : "Sizin biz tərtərlilər haqqında dediyiniz fikirlər əhalimiz arasında ruh yüksəkliyini artırıb”

 

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Son günlər hər bir Azərbaycan vətəndaşı kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur. Mütəmadi gələn qələbə xəbərləri - həm hərb, həm də siyasət meydanındakı uğurlarımız bizi qürurlandırır. Cənab Prezident, Sizin biz tərtərlilər haqqında dediyiniz fikirlər əhalimiz arasında ruh yüksəkliyini artırıb. Bu gün bütün tərtərlilər Sizin ətrafınızda sıx birləşib, Cənab Ali Baş Komandan! Biz tərtərlilər son damla qanımıza qədər döyüşüb, torpaqlarımızı yağı düşməndən azad etməyə hazırıq.Qələbə bizimdir! Qarabağ Azərbaycandır!


Hörmətlə, Ağayev Ramil Kamil oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu”.


 

Qazaxdan olan İsmayıl İsmayılov isə öz hislərini şeirlə tamamlayıb:


"Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bu günlər sevincimizin həddi-hüdudu yoxdur. Tutduğu mövqedən asılı olmayaraq hər bir azərbaycanlı kimi mən də Sizin və Milli Ordumuzun əsgəriyəm. 30 il ərzində göstərdiyiniz səbir, dözüm, siyasi iradə və güclü ordu quruculuğu sayəsində bu gün Ordumuz zəfər dolu addımlar atır. Bu tarixi günlərimizdə Sizin və xalqımızın mənən yanında olan, qardaş dəstəyi göstərən dövlətlərə, onların rəhbərlərinə sonsuz təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi Azərbaycan xalqı onların bu mənəvi dəstəyini heç vaxt unutmayacaq.


Möhtərəm Prezident, Sizin qətiyyətinizin və Ordumuzun gücü sayəsində bu gün Azərbaycanın ən yeni tarixi yazılır. Bu sadə bir xronologiya deyil, bir millətin milli birlik mücəssəməsi, milli kimlik, fəxarət salnaməsidir. Bu gün azərbaycanlı olmağımızla həmişəkindən daha artıq fəxr edirik. Sizin komandanlığınız altında aparılan haqlı savaşımızla, igidlərimizin qanı bahasına yenidən qazandığımız torpaqlarımızın "Vətən daşı” olmaq, o yurdlara sahib çıxmaq

haqqımızdan bizi heç kim məhrum edə bilməz.


İnanırıq ki, Sizin qurub-yaratmaq əzminiz işğaldan azad edilmiş yurdlarımızı gülüstana çevirəcək. Artıq öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların yaddaşlarından "qaçqın” sözü silinəcək, onlar öz dədə-baba yurdlarına dönəcək, sönmüş ocaqları yenidən alovlanacaq, yarımçıq qalan arzuları həyata keçəcəkdir.


Möhtərəm Prezident, bu hissləri yaşatdığınız üçün Sizə, yenilməz Ordumuza nə qədər təşəkkür etsək də azdır.


Bu haqq savaşında Sizə, Ordumuza və xalqımıza həm döyüş meydanında, həm də dünya siyasi arenasında yeni qələbələr, nailiyyətlər arzu edirəm. Fikirlərimi bizə bəxş elədiyiniz qürur dolu anlardan ilhamlanaraq qələmə aldığım bir şeirlə tamamlamaq istəyirəm:


Millətin son sözü qılınca döndü,

Savaş kimə asan, kimə çətindir.

Haqqa göz yumanın çırağı söndü,

Sərkərdəm qərarlı, Ordum mətindir.

Haydı, qoç igidim, zəfər Sənindir!

Boş qalan yurdlara səfər Sənindir.


Bizimki təhər döy, təhər Sənindir,

Bu savaş haqqındır, ədalətindir!

Toplar şahə qalxıb kəhər at kimi,

Bu yol gözümüzdə bir murad kimi.

Şuşaya, Laçına çat-ha-çat kimi,

Millət karvan-karvan düzülüb indi.


Hardadı "alovlu” çıxışlar edən?

Gendən bu torpağa "baxışlar” edən,

Ey sözü kağızda naxışlar edən,

İndi həmən meydan qətiyyətindir.

Ey Şəhid, ey qazi, bunca dünyada,

Yox bundan uca ad, uca dünyada.

Ən güclü silah da qoca dünyada,

Sənin bu torpağa məhəbbətindir.

 

Dərin hörmət və ehtiramla,

İsmayılov İsmayıl Vaqif oğlu.


Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi”.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR