Prezident 2 fərman, 1 sərəncam imzaladı


Prezident 2 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Sfera.az fərmanın mətnini təqdim edir:

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I) 1.14-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.15-ci bənd əlavə edilsin:

 

“1.15. istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab edilir.”.

 

***

 

Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1622 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın 1 nömrəli cədvəlinin 4-cü hissəsinin “Görülmüş işin (tədbirin) adı” sütununda “Respublikası Sahibkarlığın” sözləri “Biznesinin” sözü ilə əvəz edilsin.

 

2. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 180 (Cild I) 2.5-1-ci bəndində “Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

3. “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 503 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 93 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 2.1-ci bənd ləğv edilsin;

 

3.2. 2.2-ci bənddə “Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

***

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

1. Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılsın və onların icrası 2030-cu ilədək təmin edilsin.

 

2. Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, bu Sərəncamın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına təmin edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. dörd ay müddətində:

 

3.1.1. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.1.3. beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

 

4.1. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini bu Sərəncamın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun həyata keçirsin;

 

4.2. hər növbəti tədris ili üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etsin;

 

4.3. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

laraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab edilir.”.


OXŞAR XƏBƏRLƏR