Sınaqlar başladı: Uğurlu alınsa, Azərbaycan üzərindən daha çox yük daşınacaq

Sınaqlar başladı: Uğurlu alınsa, Azərbaycan üzərindən daha çox yük daşınacaq
"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı dəhliz boyu hərəkətini davam etdirir. Sınaq məqsədi daşıyan yükdaşıma yaxşı nəticə verərsə, dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq.

Sınaq blok qatarı bir neçə gün öncə Finlandiyanın Helsinki şəhərindən hərəkətə başlayıb və artıq Azərbaycana çatıb. Qatar Astara (Azərbaycan) - Astara (İran) sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olduqdan sonra Hindistanın Nava Şeva limanına çatdırılacaq. 

Sfera.az bildirir ki, sınaq qatarının dəhliz üzrə hərəkət etməsi önəmli hadisədir və bu fakt "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin layihədən reallığa çevrildiyinin göstəricisidir. 

"Şimal-Cənub” dəmir yol layihəsi Azərbaycanın qoşulduğu ikinci mühüm dəmir yol layihəsi olacaq. "Şərq-Qərb” layihəsi ("Böyük İpək Yolu”) çərçivəsində çəkilən Bakı-Tiflis-Qars dəmir yol xətti ilə Azərbaycan Çindən Avropanın mərkəzinə uzanan layihənin iştirakçısına çevrilib. Artıq üçüncü ildir ki, bu xətt üzrə mütəmadi yüklər daşınır. 

"Şimal-Cənub” layihəsi isə Hindistandan Avropanın Helsinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xəttinin yaradılmasını nəzərdə tutur. Bu xəttlə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq. Buna görə də xəttin tamamlanması dəmir yolu daşımalarında böyük hadisədir.

Dəmir yol xətti İran, Azərbaycan və Rusiyadan keçəcək. Azərbaycan və Rusiya hissəsində bütün işlər tamamlanıb. Amma İranla bağlı işləri tam yekunlaşdırmaq mümkün olmayıb. İran dəmir yol xətti Qəzvin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bu xətt üzrə işlər artıq tamamlanıb. Lakin Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur. Birbaşa xətt olmadığından yüklər mərhələli şəkildə və daha uzun yol qət etməklə daşınacaq. İran hökuməti birbaşa xəttin çəkilməsini planlaşdırır və bu məqsədlə kredit cəlb etməyi də düşünür. 

Bəs, "Şimal-Cənub” layihəsinin işə düşməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət olacaq? 

Layihənin həyata keçirilməsi ilk növbədə Azərbaycan və İran arasında ticarətin həcmini artıracaq. İki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 500 milyon dollar təşkil edir. İran-Azərbaycan dəmir yolu şəbəkəsinin birləşməsi ilə bu, 2 milyard dollaradək artacaq. Azərbaycan da beynəlxalq yük daşımalarından böyük qazanc əldə edəcək. 

Son illərdə Hindistanla Avropa ölkələri arasında xarici ticarət əməliyyatlarının həcmi artır. 2020-ci ilin məlumatına əsasən Hindistanın ixracı 323 milyard dollar, idxalı 470 milyard dollardır. Hindistanın əsas ticarət tərəfdaşları arasında Avropa ölkələri də var. Ötən il yalnız 4 Avropa ölkəsi – Böyük Britaniya, Almaniya, Niderland və Belçika ilə 27 milyard dollarlıq ticarət olub. Bu ölkələrlə olan ticarət cəmi ticarətin 10 faizini formalaşdırıb. 

Proqnozlara görə, gələcəkdə Hindistanla Avropa ölkələri arasında ticarət daha da böyüyəcək. Dəmir yol xətti Hindistanla bərabər Pakistan, Birləşmiş Ərəb Əmirliyi, Banqladeş, Myanma, Vyetnam, İndoneziya kimi ölkələrin də Avropa ilə ticarətində tranzit vasitəsinə çevriləcək. Bu imkan "Şimal-Cənub” dəhlizi üzrə Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasına şərait yaradacaq. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR