Sınaq mərhələsində olan koronavirus peyvəndinin vurulduğu xəstənin halı pisləşib
Britaniyada "AstraZeneca” şirkəti və Oksford Universiteti tərəfindən hazırlanmış və testlərin son mərhələsində olan koronavirus (COVID-19) peyvəndinin sınaqları dayandırılıb.
Sfera.az xəbər verir ki, buna səbəb yoxlanışlarda iştirak edən bir şəxsin peyvəndə mənfi reaksiya verməsi olub.
"AstraZeneca” şirkəti koronavirus haqqında biliklərin kasad olmasını əsas gətirərək prosesi "normal” adlandırıb.
"AstraZeneca-Oksford” ortaq peyvəndinin sınaq mərhələləri artıq ikinci dəfədir ki, yarıda dayandırılır. Mütəxəssislər belə böyük miqyasda tibbi peyvəndlərin inkişaf etdirilməsində bu cür pauzaların normal hal olduğunu bildirirlər.
Qeyd edək ki, bütün dünyada müxtəlif koronavirus peyvəndlərinin hazırlanması prosesi davam edir. Britaniyada inkişaf etdirilən sözügedən peyvəndin istifadəyə yararlı ilk peyvəndlərdən biri olacağı güman edilir. Birinci və ikinci sınaq mərhələlərindən uğurla keçən vaksin hazırda üçüncü sınaq mərhələsindədir.
(qazet)