\"Səsimə səs verən tapılmadı...\" Azərpaşa Nemətova səslənirəm ki...

\
 

Bu gün Qonaq Otağında Sumqayıt Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Cəlal Məmmədovdur.

 

 

- Aktyor peşəsini necə anladıb, təqdim edərdiniz?

-Aktyor peşəsi ruhla bağlı peşədir. Çox peşələr var ki, onlar beyinlə bağlıdır. Mən Cəlal kimi səhnəyə çıxıb digər bir obrazı canlandırıram. Həmin əsnada ruh bədəni tamamən tərk edir, o an sənin bədəninə başqa ruh daxil olur və sən yarı özün, yarı həmin obraz olursan. Bütünlüklə yaratdığın obraz olsan, sən o səhnədə ölə bilərsən. O aktyor ki, sadəcə olaraq söz əzbərləyib səhnəyə çıxır, o insan həmin obraza istənilən səviyədə can verə bilməz. Hansı əsər səhnəyə qoyulursa, aktyor öncə onu oxuyub, həmin pyes, roman və ya povestlə tanış olmalıdır. Əsəri oxumadan səhnəyə çıxan aktyor aktyor deyil.

 

 

- Bu sənət sizin üçün hansı mənanı ifadə edir? Sənət sizin üçün sadəcə qazanc yeridirmi ?

- Belə deməzdim. Çünki bura mənim üçün qazanc yeri olsaydı, mən bu sənətdən çoxdan getmişdim. Bu peşə aktyor üçün sağalmaz bir xəstəlikdir. O şəxs ki, səhnənin "tozunu” udur,həmin andan başlayaraq bu sənətə aşiq olur. Teatrda sənəti sevməyənlər də, sadəcə ömür boyu maaşların qalxmasını gözləyənlər də. Bax, mən həmin şəxsləri aktyor adlandırmazdım. Bu sənətlə məşğul olan kəslərə səhnəyə, teatra aşiq olmağı diləyirəm. Bu sənət mənim üçün müqəddəs peşədir. Ona görə də, mən burdayamsa, demək ki, sənətə və teatra aşiqəm. Teatr bir ölkənin simasıdır, teatr məbəddir. Elə bu sözlər bizim məşğul olduğumuz peşənin aliliyini az da olsa, ifadə edir.

 

 - Bir neçə gün öncə sosial şəbəkə hesabınızdan dublyajla bağlı edilən müraciətlərlə bağlı öz gileylərinizi dilə gətirdiniz. Paylaşımda çatdırmaq istədiyiniz fikirləri bir daha da bizim üçün aça bilərsinizmi ?

-Mən orada xüsusi vurğulamışam ki, bu fikirlərim teatr aktyorlarına aid deyil. Bəzi kəslər məndən soruşurlar ki, niyə fikirləri hər kəsə yox, sadəcə bir qisim sənət adamına şamil etmisən? Bunun səbəbi isə odur ki, teatrda işləyənin az da olsa məvacibi var, digər aktyorların isə faktiki olaraq rəsmi iş yerləri yoxdur və onlar dublyajdan az-çox nəsə qazanmağa çalışırlar. Ancaq 15 ildən artıq dublyaj sektorunun içində olan biri kimi deyə bilərəm ki, bizim dublyajımız yerində saymaq bir yana qalsın, sürətlə geri gedir. Ona görə də, mən yazdığım həmin paylaşımda məvacibin azlığından narazılıq etdim və aktyorların bir növ gözünü açmağa çalışdım. Qoy hər kəs bilsin ki, ölkədə dublyaj sahəsi hansı səviyyədədir və insanlar ora getməsinlər. Mən o yazı ilə aktyorlara birçağırış etmək istədim, ancaq gördüm ki, səsimə bir səs verən tapılmadı. Allah hamısının köməyi olsun, hamısına işlərində uğurlar diləyirəm.

 

 - 2016-cı ildə "Əməkdar artist” fəxri adına layiq görülmüsünüz. Ölkə və dünya miqyasında daha hansı adları, titulları qazanmağı hədəfləmisiniz ?

-Ölkə başçısının sərəncamı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dövlətimiz 30 yaşımda mənə ev verdi, qarşıma 35 yaşımda fəxri ad qazanmağı qoymuşdum. Hədəfimə bir il gec çatdım, ancaq sevinirəm ki, "Əməkdar artist” adına layiq görüldüm. "Xalq artisti” adını qazanmaq üçün isə həddindən artıq çox çalışmaq lazımdır. Və həmin mükafata da nə vaxtsa layiq görülmək mənim məqsədlərim sırasındadır.

 

 

 

-Planınızda nə vaxtsa ölkəni tərk edib digər bir məmləkətdə sənətinizi davam etdirmək

varmı ?

 

-Düzünü desəm, ürəyimdə belə bir istək var. Ancaq yaxın müddətdə ölkədən çıxmağı düşünmürəm. Çünki bildiyiniz kimi qarşıdan doğma şəhərimiz Sumqayıtın 70 illik yubileyi gəlir.Yubileylə bağlı teatrın şəhərimizdə silsilə tədbirləri baş tutacaq. Daha sonra Gürcüstanın Kutaisi şəhəri ilə müqaviləmiz var ki, həmin müqavilə əsasında onların Sumqayıtda, bizim də Kutaisidə tamaşalarla sənətsevərlərin qarşısına çıxmağımız planlaşıdırılıb. Ancaq deyim ki, mənim Latviya, Litva, Estoniya, Tatarıstan, Moldovada Qaqauziya Respublikasında çoxsaylı dostlarım var. Onların vasitəsi ilə ara-sıra həmin ölkələrdəki teatrın inkişaf səviyəsi ilə maraqlanıram. Daha sonraönümüzdəki yaxın aylarda konkret olaraq Türkiyədə fəaliyyət göstərən teatrlardan biri ilə qarşılıqlı işbirliyi etməyi planlaşdırmışam. Ancaq heç vaxt Azərbaycandan birdəfəlik çıxmağı düşünməmişəm. Çünki buradan qıraqda uzun müddət yaşaya biləcəyimi sanmıram.

 

 

 

- Sizcə bu gün səhnəmizdə hələ də əsl Oqtay Eloğlular, teatra can yandıranlar qalıbmı ?

-Mən bunu tam səmimiyyətim və qorxmazlığımla deyirəm ki, bizim Sumqayıt Dram Teatrında çalışan böyük aktyor kollektivinin içində toplam 10 nəfər Oqtay Eloğludur. Bu gün bu sənətə həqiqətən də can yandıranlar barmaqla sayılacaq qədərdir. Teatrımızda çalışan gənc aktyorların demək olar ki, heç birinin gözündə mən sənətə sevgini, sənət eşqini, coşqusunu görə bilmirəm.

 

 

 

- Sizi teatrdan nə soyuda bilər ?

-Məni sənətdən, teatrdan ilk növbədə haqsızlıq soyuda bilər. Təbii ki, söhbət böyük çaplı haqsızlıqdan gedir.Şükürlər olsun ki, hələ karyeramda məni teatrdan soyudacaq qədər böyük haqsızlıqla üz-üzə qalmamışam. Bəxtimdən də, çalışdığım Sumqayıt Dram Teatrının direktor, rejissor heyəti tərəfindən heç bir haqsızlıqla üzləşməmişəm.

 

 

 

- Ürəyinizdə qalan hansısaobraz varmı? Hansı obrazı oynamaq istəyərdiniz ?

-Mən həmişə mənə həvalə edilən, verilən bütün obrazları sevərək oynayıram, onlara ustalıqla can verməyə çalışıram. Düşüncəmdə olan belə bir obraz yoxdur ki, mən indi dilə gətirim ki, onu oynamaq üçün bütün karyeram boyu alışıb-yanmışam. Sadəcə, sizin sualınız ətrafında düşünəndə ani olaraq Hüseyn Cavidin "İblis”indəki Arif obrazı ağlıma gəldi. Bu an etibarilə, həmin obrazı oynamaq mənim arzuma çevrildi.

 

 

 -Teatra, aktyora göstərilən diqqət və qayğı sizi nə dərəcədə qane edir ?

-Prezidentin sərəncamı ilə maaşlarımız müəyyən qədər qalxdı və yaxın zamanda yenidən maaşların artırılacağı gözlənilir. Bizim bu gün aldığımız maaş istənilən səviyədə qane edir, desəm, bu, tam düzgün olmaz. Çünki buradan rəsmi olaraq aldığım haqq ilə 4 nəfərlik ailəni evdə tək işləyən biri olaraq dolandırmaq çox çətindir. Diqqətə gəldikdə isə onu deyə bilərəm ki, mədəniyyət xadimlərinin bizim teatra əyalət teatrı kimi baxması kollektivin bütünlüklə icikliyinə səbəb olur. Paytaxta ən yaxın şəhər kimi haqlı olaraq biz daha çox diqqəti tələb və haqq edirik. Teatr Xadimləri İttifaqına – birbaşa olaraq Azərpaşa Nemətova səslənirəm ki, Sumqayıt Dram Teatrını unutmasınlar, tez-tez bizə baş çəksinlər, bizlə maraqlansınlar.

 

 

 

- Azərbaycan teatrının problemlərini sadalayası olsaq, nələrisöyləyə bilərsiniz?

- Bu gün teatrın başlıca problemi kadr çatışmazlığıdır. Bu gün elə bizim teatra gənc altyor vəaktrisalar lazımdır. Daha sonra, tamaşaçı problemi teatrımızın qarşısında duran başlıca sıxıntılardandır. Baxmayaraq ki, son zamanlar tamaşaçı problemi də yavaş-yavaş öz həllini tapmaqdadır. Tamaşaçılar teatra geri dönməkdədirlər. Lakin biz bu prosesin daha sürətlə vüsət almasının tərəfdarıyıq.Düşünürəm ki, əgər teatr daha daçağdaş tamaşalara meyilllənsə və repertuarındakı tamaşaların üzərində çalışıb, onu daha da müasirləşdirsə, insanlar o zaman teatra daha böyük maraq göstərər və axınla gələrlər. Teatrı daha sürətlə inkişaf etdirib, tamaşaçıları daha da sürətlə geri qaytarmaq üçün teatrımız müxtəlif ölkələrin təcrübəsini öyrənib, onlarla işbirliyi etməlidir. Örnək üçün Azərbaycan, Türkiyə, Rusiya və ya başqa bir üçüncü dövlətin birgə çalışıb bir-birimizin təcrübəsini, uğurlarını öyrənib birgə ortaq tamaşa və ya tamaşalar araya-ərsəyə gətirə bilərik.Bu hal teatrımızı daha da sürətlə inkişafa apararar.

 

 

 

- Hansı aktyorlarla tərəf müqabili olmaq istəyərdiniz ?

- Mən bu günə qədər çox nəhəng şəxlərlə bir arada olmuşam, karifeylərlə səhnə bölüşmüşəm. Bu gün mən Fəxrəddin Manafovla istər Rus Dram Teatrında, istərsə də öz teatrımızda tərəf müqabili olmaq istəyərəm.

 

 

 

- Teatr və kino aktyorluğu? Sizcə bunlardan hansında işləmək daha çətindir ?

- Təbii ki, hər bir işin özünəməxsus çətinliyi var, heç bir iş asan deyil. O cümlədən, aktyor peşəsi. Mən isə belə düşünürəm ki, teatr aktyorluğu daha çətindir. Çünki teatrda birbaşa olaraq tamaşaçının qarşısına çıxıb onlara sənət göstəririk. Bizim səhnədəki davranış və ifadələrimiz üçün dubl tələb olunmur, kinoda isə bir səhnə bəzən hətta onlarla dubldan sonra çəkilir. Bu baxımdan fikrimcə, teatr aktyorluğu daha çətin, daha məsuliyyətli və daha peşəkardır.

 

 

 -Teatrda uğurlu olan aktyor kinoda da eyni uğuru təkrarlaya bilərmi və ya əksinə kinoda uyğurlu olan aktyor səhnədə həmin uğurların davamını hansı səviyyədə gətirə bilər ?

- Bu hal aksioma deyil ki, burada uğurlu olan digər sahədə də uğurlu olacaq. Azərbaycan səhnəsində dəfələrlə rastlaşmışam ki, kino aktyorudur, bütün karyerası boyu teatrda o uğuru təkrarlamaq istəyib ancaq alınmayıb. O cümlədən, teatr aktyoru filmə çəkilib, ancaq uğur qazanıb, yadda qala bilməyib.

 

 

 

- Səhnədə bir çox obrazı canlandırmaq gerçək həyatda sizin xarakterinizdə dəyişikliklərə, aşınmalara gətirib çıxarmır ki?

- Çalışırıq ki, obrazı tamamilə yaşamayaq. Elə olacağı halda, inanın, biz aktyorlar həyatdan cavan yaşda köçmək məcburiyyətində olarıq. Biz səhnədə həmin obrazı yarıbayarı yaşayırıq. Yəni, yarı özümüz, yarı obraz oluruq. Bəzən olur ki, dost-tanışlar, yaxınlar teatra sənin oynadığın tamaşaya baxmaq üçün gəlirlər. Onlar sual verir ki, biz lap birinci cərgədə oturmuşduq bizi görmədin? İnanın görmürəm və görmürük. Çünki biz həmin əsnada yaratdığımız obraza can veririk. Tamaşadan sonra həmin dəqiqə özümüzə gələ bilmərik. Biz tamaşadan sonra gözləməli, nəfəsimizi dərməli, obrazın təsirindən çıxmalıyıq, özümüzü dərk etməliyik. Bəzən bizim öz ruhumuza qayıtmağımız saatlar çəkir, bəzən də günlər.

 

 

 

- Həyat səhnədən necə görünür ?

- Həyat səhnədən çox mürəkkəb görünür. Səhnə sanki sehrlidir. Orada olanda hər şey unudulur, bütün qayğılar, sıxıntılar yaddan çıxır. Şekspirin bir fikrini xatırlamaq istəyirəm : "Həyat bir teatrdır insanlar isə aktyor”. Bu doğrudan da belədir. Həyatda hər kəs öz rolunu oynayır. Biz isə həyatda öz rolumuzu oynamaqla bərabər, həm də səhnədə canlandırdığımız obrazın həyatını oynayırıq. Səhnənin mürəkkəbliyi ondadır ki, sən özündə olan müsbət enerjini tamaşaçıya ötürməyi bacarırsan, ya yox ?

 

 

 

- Son olaraq qəzetimiz vasitəsilə söyləmək istədiyiniz sözləriniz varmı ?

- Mən sadəcə bunları demək istəyərəm ki, Sumqayıt Dram Teatrı ölkədə ilk teatrdır ki, Hindistanda qastrol səfərində Azərbaycanı təmsil edib, Sumqayıt Dram Teatrı ilk teatrdır ki, ölkədə xalq artisti Firudin Məhərrəmovun rejissorluğu, əməkdar artist Namis Şirməmmədovun baş rol ifaçılığı ilə Ulu Öndərin prototipinin əksini tapdığı "Xilaskar” tamaşasını səhnələşdirib. Mədəniyyət xadimlərindən, teatrşünaslar və əlaqədar şəxslərdən bu cür bir ilklərlə yadda qalan Sumqayıt Dram Teatrını diqqətdən kənarda qoymamağını xahiş edirəm.

 

 

 

("168 saat" qəzeti)

 

Söhbətləşdi: Səbuhi Allahverdizadə

 

 

 


OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...