Separatçı rejim 55 yaşlı erməniləri orduya yığır – Azərbaycan əsgəri Xankəndinə girir?
13:08 / 19.04.2021
2700
"Qarabağdakı separatçı-terrorçu rejim aprelin
16-da qondarma "hərbi xidmət və hərbi qulluçuların statusu haqqında qanuna” dəyişiklik
edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55
yaşa qaldırılıb. 55 yaşa qədər erməni kişi və qadınlar separatçıların "peşəkar
ordu” dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq”.
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi
Asif Nərimanlı deyib. Onun sözlərinə görə, qeyd edilənlərin iki səbəbi var: "Birincisi, Qarabağdakı "peşəkar ordu” adı
altında formalaşdırılan silahlı qruplaşmada canlı qüvvənin çatışmazlığıdır.
İkincisi, Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasına hazırlıq
gedir. Separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıb. Bu
qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, "peşəkar hərbi
birliklər” yaratmaq istiqamətində iş aparılır.
Belə qruplaşma erməni silahlı birləşmələrinin
çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə
hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud
hazırlıq getdiyi ehtimalını önə çıxarır”.
A.Nərimanlının sözlərinə görə, bu "dəyişiklik
qərarı” ilə Ermənistanda Nikol Paşinyanın orduda xidmət müddətinin azaldılması vədi
arasında əlaqə var:
"Nikol deyir ki, hərbi xidməti cəlbedici etməli,
müddəti azaltmalıyıq, gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən
bir üç aylıq təlim yetərlidir. Bu vəd müharibədən qorxan erməni valideynlərinin
səsini qazanmaq gedişidir. Lakin Ermənistan silahlı qüvvələrində ixtisarların
aparılacağı, xüsusilə Qarabağdan çıxarılacaq hərbçilərlə müqavilələrin yenilənməyəcəyi
xəbərləri fonunda Paşinyan səs itirməmək və opponentlərinin əlinə ittiham
mövzusu verməmək üçün fərqli gediş edə bilər: ya çıxarılma prosesi seçkidən
sonra həyata keçiriləcək, ya da çıxarılma prosesinin rəsmi elanını seçkidən
sonraya saxlayacaq”.
Politoloqun fikrincə, proseslərin inkişafının 10 noyabr
razılaşmasının 4-cü maddəsinin icrası istiqamətində olduğunu demək mümkündür və
bunun reallaşması əlimizi gücləndirəcək:
"Ermənistanın Qarabağda hərbi varlığına son
qoyulması ilə rəsmi İrəvanın bölgəyə təsiri minimuma enəcək. Azərbaycan
separatçıların yaradacağı "hərbi birlikləri” qanunsuz silahlı qruplaşma elan edəcək.
Ölkə qanunvericiliyi və beynəlxalq hüquq buna imkan verir. Həmçinin Azərbaycan Monitorinq Mərkəzində təmsil
olunan Türkiyənin dəstəyi ilə rusların qarşısına şərt qoya bilər: qanunsuz
silahlı qruplaşma ləğv edilməlidir, əks təqdirdə, ölkə sərhədləri daxilində
anti-terror əməliyyatı keçirə bilərik. Mümkün anti-terror əməliyyatında
qarşımızda 50-55 yaşlı əlisilahlı terrorçular olacaq. Ən mühümü Ermənistanın
Qarabağdakı hərbi mövcudluğunun başa çatması Azərbaycanın Xankəndində idarəçiliyinin
təmin edilməsi istiqamətində addımlarının önünü aça bilər”.