Separatçı rejim 55 yaşlı erməniləri orduya yığır – Azərbaycan əsgəri Xankəndinə girir?

Separatçı rejim 55 yaşlı erməniləri orduya yığır – Azərbaycan əsgəri Xankəndinə girir?
"Qarabağdakı separatçı-terrorçu rejim aprelin 16-da qondarma "hərbi xidmət və hərbi qulluçuların statusu haqqında qanuna” dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55 yaşa qaldırılıb. 55 yaşa qədər erməni kişi və qadınlar separatçıların "peşəkar ordu” dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, qeyd edilənlərin iki səbəbi var: "Birincisi, Qarabağdakı "peşəkar ordu” adı altında formalaşdırılan silahlı qruplaşmada canlı qüvvənin çatışmazlığıdır. İkincisi, Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasına hazırlıq gedir. Separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıb. Bu qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, "peşəkar hərbi birliklər” yaratmaq istiqamətində iş aparılır.
 
Belə qruplaşma erməni silahlı birləşmələrinin çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud hazırlıq getdiyi ehtimalını önə çıxarır”.

A.Nərimanlının sözlərinə görə, bu "dəyişiklik qərarı” ilə Ermənistanda Nikol Paşinyanın orduda xidmət müddətinin azaldılması vədi arasında əlaqə var:

"Nikol deyir ki, hərbi xidməti cəlbedici etməli, müddəti azaltmalıyıq, gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən bir üç aylıq təlim yetərlidir. Bu vəd müharibədən qorxan erməni valideynlərinin səsini qazanmaq gedişidir. Lakin Ermənistan silahlı qüvvələrində ixtisarların aparılacağı, xüsusilə Qarabağdan çıxarılacaq hərbçilərlə müqavilələrin yenilənməyəcəyi xəbərləri fonunda Paşinyan səs itirməmək və opponentlərinin əlinə ittiham mövzusu verməmək üçün fərqli gediş edə bilər: ya çıxarılma prosesi seçkidən sonra həyata keçiriləcək, ya da çıxarılma prosesinin rəsmi elanını seçkidən sonraya saxlayacaq”.

Politoloqun fikrincə,  proseslərin inkişafının 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası istiqamətində olduğunu demək mümkündür və bunun reallaşması əlimizi gücləndirəcək:

"Ermənistanın Qarabağda hərbi varlığına son qoyulması ilə rəsmi İrəvanın bölgəyə təsiri minimuma enəcək. Azərbaycan separatçıların yaradacağı "hərbi birlikləri” qanunsuz silahlı qruplaşma elan edəcək. Ölkə qanunvericiliyi və beynəlxalq hüquq buna imkan verir. Həmçinin Azərbaycan Monitorinq Mərkəzində təmsil olunan Türkiyənin dəstəyi ilə rusların qarşısına şərt qoya bilər: qanunsuz silahlı qruplaşma ləğv edilməlidir, əks təqdirdə, ölkə sərhədləri daxilində anti-terror əməliyyatı keçirə bilərik. Mümkün anti-terror əməliyyatında qarşımızda 50-55 yaşlı əlisilahlı terrorçular olacaq. Ən mühümü Ermənistanın Qarabağdakı hərbi mövcudluğunun başa çatması Azərbaycanın Xankəndində idarəçiliyinin təmin edilməsi istiqamətində addımlarının önünü aça bilər”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR