“Səliqəsiz idi, paltolarının düymələri isə...” – SSRİ-nin “birinci lediləri” haqda maraqlı faktlar
14:18 / 20.12.2021
2233
"Qadınlar
öz cazibədarlığı ilə kişiləri kommunizm quruculuğundan yayındırmamalıdırlar” –
bu sözlər 30 ilə yaxın bir müddətdə SSRİ-yə rəhbərlik etmiş İosif Stalinə məxsusdur.
Maraqlıdır, bəs sovet liderlərinin öz xanımları birincilərin siyasi fəaliyyətinə
necə təsir edib?
Sfera.az-ın növbəti yazısı məhz SSRİ-nin "birinci
ledi”ləri haqqındadır.
Əvvəlcə onu qeyd edək ki, sovet dövründə "birinci
ledi” titulu tətbiq edilməyib, onları Kremlin birinci xanımları adlandırıblar.
Əslində dövlət başçılarının xanımlarına "birinci ledi” titulunun verilməsi ilk
dəfə 1849-cu ildən Amerika Birləşmiş Ştatlarında başlayıb və sonralar bu status
dünyanın digər ölkələrində də tətbiq olunub.
Sovetlər məkanında bu titulun sahibləri çox da
populyar olmayıblar, mətbuatda, efirlərdə çox da görünməyiblər. Ancaq hər halda, faktiki birinci xanım olmaq
onların qismətinə yazılıb...
Vladimir İliç Leninin həyat yoldaşı Nadejda
Krupskaya kifayət qədər ciddi qadın olub. O, öz dövründə mövcud olan dəblərə imperializmin məhsulu
kimi baxıb. Ölkənin ictimai-siyasi həyatında ciddi fiqur kimi tanınan Krupskaya
heç vaxt dəblə geyinmək haqqında düşünməyib. "Birinci ledi” qadın kimi səliqəsinə
də diqqət yetirməyib. Onun paltosundakı düymələrin ayrı-ayrı olması və ya üst
geyimlərində düymələrin ümumiyyətlə olmaması tez-tez müşahidə olunub.
Krupskaya xörək hazırlamağı və digər mətbəx işlərini
görməyi də bacarmayıb. Ən yaxşı halda o, proletariatın rəhbərini yumurta
qayğanağı ilə yola verib. Vladimir İliçin xörək və qidalanma məsələsi ilə başqa
qadınlar məşğul olub. Bəlkə də Leninin olduqca gözəl və dəbli olan İnessa
Armanda vurulmasının səbəbi də Krupskayanın qadın kimi yararsızlığı və
yarıtmazlığı olub.
İosif Stalinin həyat yoldaşı Nadejda
Alliluyeva cəmiyyət arasında nadir hallarda görünsə də, inadkarlığı və
siyasi fəallığı ilə fərqlənib. O, milli məsələlər üzrə xalq komissarlığında
çalışıb, həmçinin "İnqlab və mədəniyyət” və "Pravda” qəzetləri ilə əməkdaşlıq
edib. Nadeyda Alliluyeva Sənaye Akademiyasında Nikita Xruşovla eyni qrupda təhsil
alıb. O, dəblə geyinməyi, Avropada istehsal olunmuş geyimləri xoşlayıb. Ancaq həmin
dövrdə SSRİ-də belə Qərb dəbi hansısa bir mənada satqınlıq kimi qəbul olunub.
Stalin dövründə məmur xanımlarının geyiminin bağlı və ciddi olması ideal qadın
geyimi sayılıb ki,
Nadejda Alliluyeva bununla hesablaşmalı olub. 1932-ci ilin
noyabr ayının 8-dən 9-na keçən gecə SSRİ-nin birinci xanımı özünü güllələyib.
Onun müəmmalı ölümü ilə bağlı digər versiyalar da mövcuddur.
Nikita
Xruşovun həyat yoldaşı, SSRİ-nin növbəti "birinci ledi”si Nina
Kuxarçuk sadə insan, qayğıkeş həyat yoldaşı və mehriban ana kimi
xatırlanır. O, öz səmimiyyətinə görə sovet qadınlarının sevimlisi olub. Öz
dövrünün digər birinci xanımları ilə müqayisədə Nina Kuxarçuk ən zövqsüz geyinən
xanım olub. O, baş katibin həyat yoldaşından daha çox adi bir kəndlinin həyat
yoldaşına bənzəyib. Birinci xanım uzun illər komsomol və partiya orqanlarında
çalışıb, fransız və ingilis dillərini mükəmməl bilib. Nikita Xruşov ölkə rəhbərliyinə
gəldikdən sonra SSRİ-nin birinci xanımları arasında Nina Kuxarçuk ilk dəfə
olaraq baş katibi xarici səfərlərdə müşayiət edib. O, Xruşovun üçüncü həyat
yoldaşı olub. Nina Kuxarçuk 1984-cü ildə Moskvada vəfat edib.
Leonid
İliç Brejnevin həyat yoldaşı Viktoriya Brejneva "birinci ledi” statusunu
formal olaraq daşıyıb. O, nə siyasətlə məşğul olub, nə də baş katibi xarici səfərlərdə
müşayiət edib. Viktoriya Brejneva geyim və dəb məsələlərində sovet
standartlarından kənara çıxmayıb. Birinci ledi texnikum təhsili ilə kifayətlənərək
tibb bacısı peşəsinə yiyələnib. Brejnevin nazı ilə oynamağa özündə güç tapan
Viktoriya Brejneva digər bir tibb bacısının, Leonid İliçin məşuqəsi olan
Ninanın öhdəsindən də gələ bilməyib. Əyləncələri çox da sevməyən baş katibin
xanımı vaxtını daha çox mətbəxtdə keçirib. Ömrünün son illərini tənha və xəstəliklərlə
keçirən Viktoriya Brejneva 1995-ci ildə vəfat edib.
Yuri
Andropovun həyat yoldaşı Tatyana Lebedeva SSRİ-nin birinci xanımları arasında ən
uğursuzu olub. Andropov 1956-cı ildə Macarstanda səfir işləyərkən ölkədə sovet
rejiminə qarşı üsyanlar baş verəndə və kommunistləri küçələrdəki işıq dirəklərindən
asanda Tatyana Lebedeva bütün bu hadisələrin canlı şahidi olub. Bu hadisələrdən
sonra Lebedevanın psixoloji durumunda ciddi problemlər yaranıb. Hadisələrdən
illər ötsə də, Tatyana Lebedeva özünə qapanaraq evdən çölə çıxmağa qorxub.
Müalicələr aparılsa da heç bir nəticə əldə olunmayıb. Ən ağır psixi xəstəliyə
düçar olan Tatayana Lebedeva heç vaxt birinci xanım kimi Andropovun yanında
görünməyib və o, ömrünün sonuna kimi bu xəstəlikdən əziyyət çəkib.
Konstantin
Çernenkonun həyat yoldaşı Anna Lyubimova birinci xanımlığını yalnız xəstəxanalarda,
həyat yoldaşının müalicələrində göstərə bilib. Məlum olduğu kimi, Çernenko 13
aylıq hakimiyyətinin yarısını Kreml xəstəxanasında keçirib. Bu müalicələr
zamanı Anna Lyubimova demək olar ki, günün bütün hissəsini həyat yoldaşının
yanında keçirib. Birinci xanım Çernenkodan 25 il sonra, 2010-cu ildə vəfat
edib.
Mixail
Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova SSRİ-nin birinci xanımlarının
passiv ictimai fəaliyyət ənənəsinə son qoyub. O, öz statusunun imkanlarından
maksimum səviyyədə istifadə edib. Fəal ictimai fəaliyyəti ilə Raisa Qorbaçova
qısa bir müddət ərzində "birinci ledi” imicini yaratmağı bacarıb. O, demək olar
ki, həyat yoldaşını bütün xarici səfərlərdə müşayiət edib. Bununla yanaşı,
SSRİ-yə səfərə gələn yüksək çinli qonaqların qarşılanmasında və görüşlərdə də
iştirak edib. Ona qədər belə görüşlərdə iştirak Valentina Tereşkovaya həvalə
olunub. Yüksək zövqlə geyinən Raisa Qorbaçova öz dəbi ilə xarici həmkarlarını təəccübləndirməyi
də bacarıb. Bir sıra fondlara və ictimai təşkilatlara rəhbərlik edən birinci
ledinin bəzən gizli, bəzən də açıq şəkildə siyasi proseslərə müdaxilə etməsi də
sonradan məlum olub. 1999-cu ildə Raisa Qorbaçovada ağır qan xəstəliyi olan
leykoz aşkarlanıb. Bütün imkanlardan istifadə olunsa da, onu xilas etmək mümkün
olmayıb və elə həmin ildə də vəfat edib.
İlham Cəmiloğlu
Sfera.az