Sel kimi gələcək pullar Rusiyanı çökdürəcək - Şərh

Sel kimi gələcək pullar Rusiyanı çökdürəcək - Şərh
"Dünyada alternativ enerjiyə keçid sürətləndikcə ənənəvi enerji daşıyıcılarına tələbat və onların qiyməti artır. Son həftələrdə dünya bazarlarında təbii qazın qiyməti tarixi rekord səviyyələrə qalxıb – dünən Avropa birjalarında noyabr ayı qaz fyuçersləri hər min kub/metr üçün 1228 dollar oldu (hazırda 1330 dollardır – red.). Yaxın günlərdə dekabr ayına olan qaz təchizatı fyuçersləri satışa çıxacaq, qiymətin 1500 dollara yaxınlaşması gözlənilir. Neft qiymətləri də son 3 ildən bəri ilk dəfə 80 dolları keçdi”

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Qaz və neft qiymətlərinin artımının öz fərqli alqoritmi və səbəbləri olsa da, trend olaraq ənənəvi enerji daşıyıcılarının qiymət artımından udan və uduzan tərəflər var və hər iki istiqamətdə qiymət artımının "trigger”i və əsas "benefisiar”ı, hələ ki, Rusiyadır:

"Bu qiymətlər Rusiyaya qarşı qəbul edilmiş bütün sanksiyaları mənasızlaşdırır, Moskvanı həm iqtisadi, həm də siyasi cəhətdən gücləndirir. Alternativ enerjiyə keçidin sürətlənməsi ilə ənənəvi enerji daşıyıcılarının bahalaşmasının səbəblərini bunlardır:

1) Alternativ enerjiyə keçid çox bahalı prosesdir, hələ də bu keçid subsidiyalara görə mümkün olur. Keçidin orqanik olması və biznes məntiqi ilə baş tutması, gəlirli olması üçün ənənəvi enerji daşıyıcıları baha olmalıdır. Neft 40-45 dollara, qazın hər min kub/metri 200 dollara olan zaman heç kim alternativ enerjiyə yatırım etmək istəmir – biznes məntiqi işləmir, investorlar daha ucuz və daşınması əlverişli olan ənənəvi enerji daşıyıcılarına üstünlük verirlər. Ona görə də yaxın 5-10 ildə alternativ enerjiyə keçidin sürətlənməsi üçün neft-qaz baha olmalıdır – ilk və ən maraqlı paradoks budur;

2) Neft qiymətlərinə təsir edən əsas amil OPEK+ anlaşması, süni qiymət artımı prosesidir. Faktiki olaraq OPEK+ hasilatı azaltmaqla qiymətləri süni çəkildə qaldırır və buna heç kim müqavimət göstərmir. Çünki baha neft ABŞ-a da sərf edir, "slans” neftinə maya qoyanlar artır, hasilatı yüksəlir ki, bundan ABŞ da qazanır;

3) Qaz qiymətləri ilə də məsələ bənzərdir – Rusiyanın Ukrayna üzərindən Avropaya ötürülən qazın həcmi azaldı, "Qazprom” bu ilin ikinci yarısı və gələn il üçün qaz həcmlərinin ötürülmə bronunu azaltdı, yeni həcmlər bron etmədi. Hava şəraiti də təsir etdi və qiymətlər yüksəldi. Udan Rusiyadır, amma tək o deyil, ABŞ ən böyük qaz hasilatçılarından biridir, amma Avropaya sıxılmış qaz satmaq istəyərkən Rusiyanın ucuz qiymətlərinə tuş gəlirdi, sıxılmış qazın sərfəli olması üçün qiyməti yüksəlməli idi ki, bu gün baş verənlər də həm də ABŞ-a sərf edir;

4) Dünyaya pandemiya ilə mübarizə adı altında 17 trilyon dollar pul səpilib, o pulların bir qismi toplanmalıdır, bunun üçün əvvəl kriptovalyuta kimi mənasız aktivlərin qiymətləri qaldırdılar, 1,5 trilyon dollar orada strilizasiya edildi, amma bu yetərli deyildi – hansısa vacib aktivlərin qiyməti qalxmalıdır ki, səpilən pullar strilizasiya olunsun, bu da neft-qazdır, çünki bir çox ölkələr sərf edir, enerji daşıyıcılarının qiymət artımı inflyasiyanı yüksəldir ki, bu da Qərb ölkələrinin iqtisadiyyatlarına çox lazımdır. Yüksək (təqribən, 5%-lik) inflyasiya iqtisadiyyatda dopinq effekti yaradır, iqtisadi aktivliyi artıran amilə çevrilir”.
Ekspertin fikrincə, proses bir müddət davam edəcək:

"Dünya iqtisadiyyatının tarixinə nəzər salsaq, siyasi tarixi analiz etsək, SSRİ-nin çöküşünü göz önünə gətirsək, ciddi bir qanunauyğunluq, analogiya aparmaq olar – 1973-сü ildə "neft böhranı” yaşandı, ərəb ölkələrində neft hasilatı azaldı, ABŞ-a neft satışını dayandırdı, Amerikada benzin böhranı başladı, neft qiymətləri tarixi maksimum səviyyəyə qalxdı, SSRİ-nin "qızıl dövrü” oldu, pul sel kimi axdı. Təqribən 10 il sonra isə neft qiymətləri kəskin ucuzlaşdı, SSRİ-də ərzaq qıtlığı, talonla ərzaq bölgüsü yarandı, sonra SSRİ çökdü. Əgər indi də bənzər ssenari işləsə, yaxın 10 ildə (2030-cu ilə qədər) neft-qaz qiymətləri yüksək səviyyədə qalacaq, bu vaxta qədər alternativ enerjiyə tam keçid baş verəcək, sonra da neft-qaz qiymətləri kəskin enəcək, nəticədə enerji "iynəsinə” oturan ölkələrdə böyük təlatümlər yaşanacaq. Bu, ssenarilərdən biri kimi görünür. Başqa izahını, hələ ki, görmək mümkün deyil.

Ekspert bu prosesdən Azərbaycanın da nəticə çıxarmalı və yaxın 10 ildə pulun "sel kimi” gəlməsindən doğru nəticə çıxararaq, neft asılılığını kəskin azaltmalı olduğunu qeyd edib.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR