\"Şəhidimizin qisası alınacaq\" - Deputat

\
"Baş verən hadisə tərəfimizdən İrəvana və Ermənistanın dəstəklədiyi terrorçulara qarşı qəti addımları zərurətə çevirir”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hərbi qulluqçumuz əsgər Həmzəyev Əfqan Bəhram oğlunun erməni silahlı dəstələri tərəfindən snayperlə şəhid edilməsi ilə bağlı danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə,  xüsusilə bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi və Minskdə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda törədilmiş bu terror aktı bir daha sübut edir ki, kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi, Ermənistan yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir:

"İlkin olaraq Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı dəstələrin bir an öncə tərkisilah edilməsi və hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zərurətdir. Bu məqsədlə antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu silahlıların tutulması, yaxud, yerindəcə məhv edilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır”.

B.Məhərrəmov qeyd edib ki, Laçın dəhlizi vasitəsi ilə heç bir Ermənistan vətəndaşı sülh müqaviləsi imzalanana qədər Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır:

"Rusiya sülhməramlıları isə anlamalıdır ki, müvəqqəti olaraq Azərbaycan ərazisində olmalarının məqsədi bu kimi insidentlərin qarşısının alınmasıdır və yaşanan hər bir faciəyə görə onlar da məsuliyyət daşıyır. İstənilən halda, heç kəsin şübhəsi olmamalıdır ki, düşmən və düşmənçilik niyyəti olan hər kəs layiq olduğu cavabı alacaq. Dövlətimizin öz şəhidinin qisasını almaq, o cümlədən, bütün zərərli meyllərin kökünü kəsmək üçün gücü də, imkanları da, artan qlobal nüfuzu da kifayətdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR