Şəhid atasının bu sözü qürur verdi

Şəhid atasının bu sözü qürur verdi
19 yaşında Vətənin azadlığı uğrunda canından keçmiş oğullarımızdan biri də adı kimi, soyadı kimi elcanlı, vətənmuradlı Elxan Murad oğlu Muradovdur.

Elxan 2001-ci ilin may ayının 15-də Sabirabad rayonunun Əhmədabad kəndində doğulub. Bahadur Şabanov adına Əhmədabad kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayının 7-də həqiqi hərbi xidmətə çağırılıb və Ağdamda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Zabitlər tərəfindən həmişə təqdir görən gənc əsgər yoldaşları arasında da hörmət sahibi olub. Elxanın oxuduğu məktəbə adı verilən Bahadur Şabanov I Qarabağ müharibəsinin şəhididir.

Vətəncanlılıq, əhdə vəfa, dövləti, bayrağı müqəddəs bilmək xxıskalı soydaşlarımızın canında-qanındadır.

Bugünlərdə Elxanın atası ilə görüşdük, dərdləşdirk, uğurlaşdıq. Şəhid atasının duruşu, "Vətən sağ olsun!” deməsi çox təsirli, qürurvericidir.

Sizlərə minnətdarıq, əziz Şəhid valideynləri!

Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan əsgər Muradov Ağdam istiqamətində gedən ağır döyüşlərdə, 2020-ci il oktyabr ayının 7-də şəhidlik zirvəsinə ucalıb.

Hərbi xidmətə yola düşməsindən 1 il 3 ay keçmiş şəhadət şərbəti içən Elxan böyüyüb boya-başa çatdığı Əhmədabad kənd qəbiristanlığında torpağa tapşırılıb. İndi Əhmədabad kənd qəbiristanlığını ziyarət edənlər mütləq Elxanın qəbrinə baş çəkir, ruhuna dualar oxuyur.

Elxanın müəllimi, Axıska Türklərinin "Vətən” Cəmiyyətinin tanınmış üzvü, Əhmədabad kənd sakini Güləhməd Mövludoğlu öz şəhid şagirdi haqqında ürək sözlərini bizimlə bölüşdü:

"Elxan Muradov məktəbdə oxuduğu müddət ərzində intizamlı, çalışqan şagird olub; məktəbin bütün ictimai işlərində fəal iştirak edib; şagird kollektivinin və müəllimlərinin hörmətini qazanıb.

Müharibə ölüm, qan-qada deməkdir. Müharibədə itirdiyimiz oğullar üçün qəlbimiz sızlayır, ürəyimiz göynəyir. Ancaq biz itirsək də cənnət qazandı...”

Bəli, mən də Güləhməd müəllimin fikirlərinə qoşuluram.

Bir ailə oğul itirsə də, o oğul artıq bütün xalqın əzizi, Vətənin oğlu olursa, bu ayrı bir nemətdir, sıradan cümlələrlə anladılması çətindir.

Şəhidlərin ölməzliyi, ruhların əbədiliyi – inancımızdır!

Cənnətməkan şəhidlərin ruh şadlığına inanırıq.

İnam bizə təsəlli verir, taqət verir, güc verir.

İnanmış insan yenilməzdir.

Elxanın qanı yerdə qalmayıb. Onun uğrunda can verdiyi torpaqlarda bugün üçrəngli müqəddəs bayrağımız dalğalanır.

BAYRAĞIMIZ HƏMİŞƏ UCA OLSUN!

VƏTƏN SAĞ OLSUN!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

OXŞAR XƏBƏRLƏR