Seçkinin nəticəsi: Gürcü Arzusu ölkə tarixinə düşdü

Seçkinin nəticəsi: Gürcü Arzusu ölkə tarixinə düşdü
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilən parlament seçkiləri üzrə 3847 məntəqədən 3735-də səsləri hesablayıb.

Sfera.az xəbər verir ki, MSK-nın məlumatına görə, 3735 məntəqənin nəticələrinə əsasən, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası 48,05 faiz səs toplayaraq qalib gəlib.

Vahid Milli Hərəkat Partiyası-Birləşmiş Müxalifət 27,07 faiz səslə ikinci yerdədir.

Hesablamalara görə, Avropalı Gürcüstan-Azadlıq uğurunda 3,79 faiz, Gürcüstan Vətənpərvərlər Alyansı 3,18 faiz, Aqmanaşenebeli Strategiyası 3,15 faiz, Lelo 3,17 faiz, Qirçi 2,92 faiz, Aleko Elisaşvili-Vətəndaşlar 1,34 faiz, Leyboristlər 1,1 faiz, Nino Burcanadze-Vahid Gürcüstan-Demokratik Hərəkat 0,58 faiz səs toplayıb.

Beləliklə, Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası müstəqil Gürcüstan dövlətinin tarixində parlament seçkilərində 3 dəfə ardıcıl olaraq qalib gələn ilk siyasi qüvvə oldu.

Hakim partiya hökumətin formalaşdırılmasında üstünlüyə malikdir.

Qeyd edək ki, seçkilərdə 48-i siyasi partiya, 2-si isə seçki bloku olmaqla, 50 seçki subyekti iştirak edib.

Bu seçkilər yeni sistem üzrə keçirilib. Parlamentin 150 deputatının 120-si proporsional, 30-u isə majoritar qaydada seçilib. Majoritar namizədlərdən bir neçəsi yetərincə səs toplaya bilmədikləri üçün noyabrın 21-də ikinci turda təkrar mübarizə aparacaqlar.

OXŞAR XƏBƏRLƏR