Saxta COVİD-19 pasportu satan həkimlər saxlanıldı - VİDEO
14:07 / 02.08.2021
1344
Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən "e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Sfera.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özündə əks etdirən saxta məlumatları "e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub.