Şair Ramaldanov: “Onların hərəkəti zabit şərəfinə layiq olmayan addımdır” - MÜSAHİBƏ

Şair Ramaldanov: “Onların hərəkəti zabit şərəfinə layiq olmayan addımdır” - MÜSAHİBƏ
 

26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günüdür. Bu tarixi gündə "Report"un suallarını ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb.

- Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusuna nə arzulayardınız?

- Bu suala cavabım qısa olacaq: Qələbə!

- Bu günlərdə Azərbaycan Ali Hərbi Məktəbində buraxılış mərasimi keçirildi. Ordumuza yeni daxil olan zabitlərdən gözləntilər nədir?

- Azərbaycan Ordusuna bütün imtahanları uğurla başa vurmuş zabit heyətinin daxil olması sevindirici haldır. Tədris bazamız daim müasirləşir, təkmilləşir. Yeni zabitlər intellektual səviyyələrini, bilik və bacarıqlarını daha da artırırlar, kompüter və digər texniki idarəetməni yüksək peşəkarlıqla öyrənirlər. Düşünürəm ki, bu zabitlər də Azərbaycan Ordusuna daxil olaraq şərəfli zabitlərin sayını artıracaq və vəzifələrini uğurla icra edəcəklər.

Komandir və rəhbər heyəti artıq döyüş görmüş, peşəkar, bilikli, savadlı və təcrübəli zabitlərdir. Gənc zabitlər indiyə kimi dərsi ali məktəbdə alırdılarsa, bundan sonra öz savadlarını, peşəkarlıqlarını təcrübəli zabitlərin rəhbərliyi ilə artıracaqlar. Mən bütün məzunlara uğurlar arzulayıram. Arzulayıram ki, qısa vaxta onlar ərazi bütövlüyü bərpa edilmiş bütöv bir Azərbaycan Ordusunun zabiti olsunlar. Hərbi xidmətlərini Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal olunmuş torpaqlarımızda keçsinlər.

- Müdafiə naziri general-polkovnik Zakir Həsənov son çıxışında şəxsi heyətin sosial vəziyyətinin yaxşılaşdırılması barədə geniş məlumat verdi. Bu ilin sonuna qədər bu sahədə daha hansı yeniliklər gözlənilir?

- Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordunun bütün inkişaf prosesini daim diqqət və nəzarətdə saxlayır. Təbii ki, cənab Prezident ordunun ancaq silahlandırılması və silah-sursat ilə təminatına diqqət yetirmir, həm də Azərbaycan Ordusunda xidmət edən heyətin sosial vəziyyətinin yaxşılaşdırılmasına da daimi xüsusi nəzarət edir. Biz görürük ki, ildə bir neçə dəfə zabit ailələri və digər heyət mənzillərlə təmin edilir. Tez-tez müasir şəhərciklər tikilir, istifadəyə verilir. Çünki müasir tələblərə cavab verən ordu yaratmaq, döyüş hazırlığını yüksəltmək istəyiriksə, şəxsi heyət üçün döyüş qabiliyyətini yüksəldə biləcək şərait qurmalıyıq. Cənab nazir də öz çıxışında xüsusilə bu məsələ üzərində dayandı.

- Azərbaycan Ordusunun yeni aldığı silah-sursatlardan, keçirilən genişmiqyaslı təlimlərdən gözlənilən nəticəni əldə edə bildikmi?

- Azərbaycan Ordusu yeni silahlar almaqla kifayətlənmir. Təlimlərə də yeni alınmış texnika və sursatlar cəlb olunur. Son genişmiqyaslı təlimlərdə də yeni modern texnika və sursatlar istifadə edildi. Əlbəttə, bizim o texnikaların imkanlarından istifadə edən peşəkar şəxsi heyətimiz var. Onlar qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirə biliblər. Cənab nazir təlimlərin yekununa həsr olunmuş tədbirdə də bu faktı xüsusi qeyd edərək şəxsi heyətə öz təşəkkürünü bildirmişdi.

- Bütün dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı Azərbaycan Ordusunda görülən tədbirləri necə qiymətləndirirsiz?

- Silahlı Qüvvələrimizin sanitar-epidemioloji və tibbi nəzarət qurumları qabaqlayıcı tədbirlər görərək maarifləndirmə işləri aparıblar. Koronavirus pandemiyasından qorunmaq üçün bütün tədbirlər əvvəlcədən hazırlanıb və həyata keçirilib. Bu gün ordumuz pandemiyadan əziyyət çəkmirsə, Silahlı Qüvvələrimiz fəaliyyətini davam etdirirsə, tədbirlər planında nəzərdə tutulmuş genişmiqyaslı təlimlər keçirilirsə, deməli ordumuz bütün lazımi tədbirləri qabaqcadan görə və vəziyyəti nəzarətdə saxlaya bilib.

- Azərbaycan Ordusuna və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı göz qabağındadır. Bəs niyə bəzi ehtiyatda olan qazi və zabitlər məişət şəraitinin yaxşı olmadığını iddia edirlər?

- Əsgər komandirsiz olmur, ordu da rəhbərsiz. Rəhbərliyə olan hər hansı bir ittihamlar orduya olan hörmətsizlik kimi qəbul edilir. Vəzifəli şəxslərə yönəlmiş ittihamlar sosial şəbəkələrdə yayılmamalıdır, çünki lazımlı rəsmi qurumlar var. Unutmaq olmaz ki, həmin şəxslər ilk növbədə Ali Baş Komandanın sərəncamı ilə vəzifəyə təyin ediliblər. Həmin insanlar Pezidentin etimad etdiyi şəxslərdir. Onlarla bağlı müraciət də sosial şəbəkələrdə yayılmamalıdır, Ali Baş Komandana ünvanlanmalıdır. Gecə-gündüz dayanmadan sosial şəbəkələrdə nəsə yazmaq qeyri-ciddi addımdır.

Bu gün Azərbaycan Ordusu, onun şəxsi heyəti Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə əhatə olunub. Düzdür, hələ də çətinliklər var, çünki bütün problemləri birdən həll etmək mümkün deyil. Ola bilsin ki, hansısa məsələlər hələ də həllini tam tapmayıb. Məsələn, evlə təmin olunmayan ehtiyatda olan zabitlər var. Bu proses gücləndirilmiş şəkildə davam etdirilir. 1992-ci ildən orduda xidmət edənlərdən başlayaraq hər bir hərbçinin evlə təmin olunmasına başlanılıb. Yəni o siyahı üzrə proses davam etdirilir. Mənzili olmayan hərbçilər kirayə pulu alırlar. Son illər həmin kirayə pulu 3 dəfə artırılıb. Azərbaycan dövlətinin imkanlarından irəli gələrək bütün bu məsələlər həllini tapır.

- Son vaxtlar sosial şəbəkələrdə Azərbaycan Ordusu əleyhinə yayılan və həqiqəti əks etdirməyən xəbərlərə münasibətiniz necədir?

- Xoşagəlməz bəzi çıxışlar olur. Buna bir neçə dəfə münasibət bildirmişəm. Sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbər şəxslərinə qarşı çox ciddi ittihamlar səsləndirilir. Mən bununla razı deyiləm. Biz zabitlər ilk növbədə zabit şərəfini yüksək tutmağa çalışmalıyıq, bunu həmişə belə etmişik. Bu bizim əsas prinsipimizdir. Neqativ fikirlərin təsdiq olunub-olunmaması peşəkar qurumlardan, orada çalışan insanlardan asılıdır. Bu gün orduda gedən bütün proseslər nəzarət altındadır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq var və onlar ordu ilə daim təmasdadırlar, əlaqə saxlayırlar.

Orduda da cinayət etmiş şəxslər olur, onlar da cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılırlar. Mən sosial şəbəkədə hərbi geyimdə müəyyən məlumatlarla çıxış edib ordunu pisləyən o insanları qınayıram. Düşünürəm ki, bu, yolverilməzdir.

Bu gün Ali Baş Komandanın saytı var, istənilən vaxt müraciət edə bilərik. Əgər əllərində korrupsiya faktı varsa, bununla bağlı yenə də müvafiq qurumlara müraciət edə bilərlər. Onlar da araşdırıb cavab verəcəklər. Ancaq sosial şəbəkələrə çıxıb Müdafiə Nazirliyinin, yaxud digər qurumların rəhbərliyi haqqında hansısa təsdiq edilməmiş fikirlər söyləmək Azərbaycan Ordusunu gözdən salmağa çalışmaqdır. Hazırda informasiya müharibəsi gedir, biz qarşı tərəfi nəzarətdə saxladığımız kimi, onlar da bizi izləyir. Ehtiyatda olan sabiq yüksək vəzifəli zabit hərbi geyimdə sosial şəbəkədə açıq şəkildə Azərbaycan Ordusunun rəhbərliyi barədə ağır ittihamlarla çıxış edəndə bundan düşmən faydalanır. Düşünürəm ki, sosial şəbəkələrdə sosial və şəxsi məsələləri qabartmaq olar, amma milli maraqlara və dövlətçilik mənafeyinə xələl gətirmək olmaz. 

Həmin şəxslər özlərini peşəkar sayırlarsa, koronavirus pandemiyası dövründə Operativ Qərargaha təkliflər versinlər. Bəlkə də ixtisaslarına uyğun olaraq öz təcrübələri ilə daha çox fayda verə bilərlər. Mənə elə gəlir ki, ümumi düşmənimiz erməni işğalçılarıdır. Biz onlara qarşı mübarizə aparmalıyıq. Hazırda isə digər düşmənimiz də koronavirusdur, hamımız səfərbər olub buna qarşı mübarizə aparmalıyıq. Sosial şəbəkəyə çıxıb özünün də tabeliyində olduğu şəxsi heyət haqqında əsassız fikirlər söyləmək zabit şərəfinə layiq olmayan addımdır.

Hazırda cəbhə xəttində müəyyən gərginlik var. Ali Baş Komandan İlham Əliyev də çıxışlarında bildirir ki, hər an anti-terror əməliyyatları aparmağa hazır olmalıyıq. Prezident bununla vəziyyətin ciddiliyini çatdırır. Artıq barıtın iyi gəlir. Belə bir gərgin vəziyyətdə bu cür çıxışlar etməyin nə qədər doğru olub-olmadığı haqqında düşünmək lazımdır.

- Siz həm sabiq, həm də yeni Müdafiə nazirinin dövründə xidmət edən polkovnik rütbəli bir şəxs olaraq son 15 ildə Azərbaycan Ordusunda baş verən dəyişiklikləri necə qiymətləndirirsiz?

- Azərbaycan Ordusu inkişaf edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim şəxsi heyətlə görüşür, cəbhə bölgələrinə gedir, Silahlı Qüvvələrin yeni və müasir silahlarla təmin olunmasında yaxından iştirak edir, hərbçilərin sosial problemlərini hər vaxt nəzarətdə saxlayır. Məhz cənab Prezidentin təsdiq etdiyi plana uyğun olaraq genişmiqyaslı təlimlər keçirilir, islahatlar aparılır. Düşünürəm ki, 15 ildə Azərbaycan Ordusu çox böyük inkişaf yolu keçib. Bunun nəticəsidir ki, cənab nazirin də dediyi kimi, şəxsi heyətin 80 faizdən çoxu müqavilə əsasında müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Bu gün Azərbaycan Ordusu ən nüfuzlu beynəlxalq statistik qurumların verdiyi qiymətə görə 50 ən güclü ordular sırasında yer alır. Bu uğurlar son deyil, hələ də davam edəcək.


 

- Dediyiniz kimi, son illərdə əsgərlərin müqavilə əsasında müddətdən artıq xidmət edən hərbi qulluqçularla əvəz olunmasına başlanılıb. Sizcə, bu, Azərbaycan Ordusunu peşəkarlıq səviyyəsinin yüksəldilməsinə hansı töhfələri verəcək?

- Bu, müqayisə olunmayan haldır. Əsgərlər 12-18 ay xidmət edirlər. İndiki texnikanın müasirliyi, mürəkkəbliyi və yüksək peşəkarlıq tələb etməsini nəzərə alsaq, bunları istifadə edən heyətin də peşəkarlığı vacibdir. Son illərin təcrübəsi də onu göstərdi ki, Azərbaycan əsgərlərinin müddətdən artıq xidmət edən hərbi qulluqçularla əvəzlənməsi Azərbaycan Ordusunun şəxsi heyətinin keyfiyyətcə dəyişməsinə səbəb olub. Bunun müsbət nəticələrini təlim mərkəzlərində, hərbi təlimlərdə görürük. Eyni zamanda, döyüş texnikasının imkanlarından fayda götürə bilirik. Bununla da silah-sursatın işlək saxlanması təmin edilir və vaxtından tez sıradan çıxmasının qarşısı alınır. 12-18 ay xidmət edən əsgərlərlə 5-10 il və daha artıq xidmət edən tank ekipajları, topçular, rabitəçilər və digər ixtisaslı hərbçilərin fəaliyyətini müqayisə edəndə fərqi görmək olar. Ona görə düşünürəm ki, Azərbaycan Ordusu peşəkar ordu olaraq öz imkanlarını ən güclü orduların səviyyəsinə yüksəldəcək.

- Bu yaxında Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında yeni silahların alınmasına dair müqavilə təsdiqlənib. Sizcə, Azərbaycan Ordusu qardaş ölkədən hansı silahların alınmasına üstünlük verəcək?

- Türkiyə bizim qardaş, dost ölkədir. Qarabağ münaqişəsi başlayanda elə ilk gündən Azərbaycan ilə çiyin-çiyinə dayanıb, bizim yanımızda olub, ordumuzun formalaşmasında yaxından iştirak edib. Hələ o vaxt Türkiyə bizi daha çox rabitə sistemləri ilə təmin edirdi. Qardaş ölkənin mütəxəssisləri bu gün də Azərbaycan Ordusunun güclənməsində yaxından iştirak edirlər. Eləcə də azərbaycanlı mütəxəssislər ilə türkiyəli mütəxəssilər ordunun bütün sahələrində müştərək çalışırlar. Onlar bir-biri ilə daim əlaqədədirlər. Hər il Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair proqram imzalanır və həmin sənəd üzrə əməkdaşlıq qurulur. 

Bu gün Türkiyənin hərbi sənayesi inkişaf edir və ən güclü hərbi sənayesi olan dövlətlər sırasına daxildir. Onların istehsal etdiyi məhsullar Suriyada, Liviyada real döyüş şəraitində sınaqdan keçirilib və özünü yaxşı mənada göstərib. Azərbaycan daim bütün prosesləri izləyir, o cümlədən də yeni silah-sursatın, texnikanın imkanları ilə maraqlanır. Son zamanlar Türkiyə ordusunun kamikadze PUA-larının Suriyada fəaliyyəti geniş müzakirəyə səbəb olub. 

Ümumi götürsək, Azərbaycan Ordusu gələcəkdə Dağlıq Qarabağda anti-terror əməliyyatı apararkən faydalı ola biləcək texnikaların və silah-sursatın alınmasına üstünlük verəcək.

- Ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və onun kimilər orduya qarşı kampaniya aparır, qara yaxırlar. Onların bu hərəkətini necə qiymətləndirirsiniz?

- Qəhrəman müəllim ixtisasca kimyaçıdır, özü də fəlsəfə doktorudur. Düşünürəm ki, öz diqqətini və təcrübəsini mütəxəssis kimi bugünkü vəziyyətə uyğun olaraq pandemiya ilə mübarizəyə cəlb eləsə daha faydalı olar. Təcrübəli kimyaçı kimi təklifləri qəbulediləndir. Qaldırdığı məsələlərə gəlincə, Azərbaycan Ordusu və orduda olan bütün şəxslər lazımi nəzarətdədir. Onların hər bir addımı diqqətdədir. Bütün bu məsələlərə ixtisaslı peşəkar insanlar xüsusi nəzarət edir. Ona görə də söylənilən ittihamları başa düşə bilmirəm. Bir neçə il ehtiyatda olan zabitə bu qədər məlumatın hansı yollarla ötürülməsi maraqlıdır. Əgər onlar məlumatlandırılırsa, bu məsələdə məqsədi olanlar var. Heç kim inciməsin məndən, bəlkə də sifarişçilər var. Çünki sadaladığım şərtlər olmadığı halda bu gün sosial şəbəkədən niyə belə formada istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin, Birinci vitse-prezidentinin, bütün qurumların saytı, rəsmi səhifəsi var. Müraciət olunmalı qurumlar bunlardır. Ümumiyyətlə, bütün ölkələrdə ordu məxfi qurum hesab edilir. Məxfilik dərəcəsi olan orqan haqqında ünvanlanmış ittihamlar yolverilməzdir. Onları düşünməyə dəvət edirəm. Mənə maraqlıdır ki, bu şəxs rəsmi qaydada Hərbi Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, cənab Prezident İlham Əliyevin rəsmi saytına, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevə rəsmi müraciət ediblərmi? Etməyiblərsə, bu nədir, populizm? Yoxsa sosial şəbəkədə yaymaqla yerinə yetirilməli kiminsə sifarişidir?



OXŞAR XƏBƏRLƏR