“Sahibkar dövlət qurumundan çəkinməməlidir...” – Qanun layihəsində hansı məqamlar yer alacaq?

“Sahibkar dövlət qurumundan çəkinməməlidir...” – Qanun layihəsində hansı məqamlar yer alacaq?
"Dövlət orqanları sahibkarların dostuna çevrilməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin sabahkı iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi fonunda iş adamlarının maraqlarının təmini üçün hansı addımlara ehtiyac olduğundan danışarkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun fikrincə, bunun üçün ilk növbədə sahibkarlarla bağlı problemlər sistemləşdirilməlidir: "Onlarla bağlı problemlərin bəziləri vergi və gömrük qanunvericiliyindən doğur. Bu sahədə təşviqedici addımlar kifayət edəcək səviyyədə deyil. Digər tərəfdən, uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanları üçün dövlətin təşviq siyasətinə ehtiyac var”.

Həmsöhbətimizin fikrincə, sahibkarlıq fəaliyyətinə əngəl olan başlıca maneə Rəqabət Məcəlləsinin olmamasıdır: "Rəqabət Məcəlləsinin qəbulu və rəqabət mühitinin genişləndirilməsilə bağlı yaşanan problemlər həllini tapmalıdır. Hazırda sahibkarlıq subyektlərinin inzibati yoxlamaları məsələsinə monitorinq qoyulub. Bunu hər dəfə ildən-ilə uzatmaqdansa, qanuni şəklə salmaq lazımdır.
 
Dövrü yoxlamaların hansı formada aparılması və yoxlamalarla bağlı qərarın necə verilməsi ilə bağlı da qanuni əsaslar olmalıdır ki, sahibkarlar hansısa formada qeyri-qanuni yoxlamalara məruz qalmasınlar. Yəni, həm qanunvericilik, həm bir-birilə bağlı qanunların dəyişdirilməsi, həm də təşviq siyasətinin genişləndirilməsində sahibkarlara dəstəklə bağlı görüləsi işlər çoxdur.

Dövlət orqanları sahibkarın çəkindiyi qurum yox, onun dostuna çevrilməlidir.  Bunun üçün də qanunvericliklə, həm də iş qaydaları ilə bağlı müəyyən dəyişikliklərin olması mütləqdir”.
 
Elçin
Sfera.az 
 
 

OXŞAR XƏBƏRLƏR