İqtİsadİyyat

Şahdağa dəmir yolunun çəkilməsi ilə bağlı son işlər müzakirə edilib

Şahdağa dəmir yolunun çəkilməsi ilə bağlı son işlər müzakirə edilib
 "Koronavirus (COVID-19) pandemiyası ilə bağlı qəbul edilmiş qətiyyətli və çevik qərarlar, onunla mübarizədə vətəndaşların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirməsi tezliklə bu çətinlikdən xilas olacağımıza inam yaradır". 

Sfera.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bunu qurumun sədri Cavid Qurbanov onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib. 

İclasda qlobal pandemiya şəraitində insanların sağlamlığının qorunması, pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin, habelə sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması məqsədilə atılan vacib addımlardan danışılıb. 

Bundan başqa, Cəmiyyətin sədri bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə dövlət başçısı ölkəmizin Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən biri kimi vacib roluna diqqət çəkib. Prezidentin qeyd etdiyi kimi,  pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. 

Onun sözlərinə görə, pandemiya şəraitində Azərbaycan dəmir yollarında sərnişindaşımaya məhdudiyyət qoyulsa da, yükdaşınmaları müntəzəm şəkildə yerinə yetirilir. Yükdaşımaların həcminin artmasında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri vacib rola malikdir. 


İclasda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artdığı da diqqətə çatdırılıb. Yüklərin daşınmasında ADY-nin törəmə şirkətləri olan "ADY Konteyner” MMC və "ADY Ekspress” MMC böyük əhəmiyyət kəsb edir. O da vurğulanıb ki, 2017-ci ildən daşınan yüklər arasında qeyri-neft məhsulları üstünlük təşkil edir. 

İclasda sərnişinlərin və dəmiryolçuların sağlamlığının qorunması üçün dəmir yollarında görülən müvafiq profilaktik tədbirlər, dezinfeksiya işləri barədə məlumat verilib. Qeyd edilib ki, pandemiya şəraitində işə məhdud sayda əməkdaşlar cəlb olunaraq, onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb. Fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb. 

Cəmiyyətin sədri Abşeron dairəvi dəmir yolu layihəsinin tamamlandığını, qalan işlərin isə ilin sonunadək yekunlaşdırılacağını bildirib. O, Ləki-Qəbələ, Biləcəri-Yalama və Ələt-Astara dəmiryolu xəttinin tikintisi ilə bağlı görülən və görüləcək işlər barədə məlumat verib, layihələrin icra vəziyyəti ilə maraqlanıb. Bakı-Böyük Kəsik istiqamətində sürət həddinin artırılması üçün zəruri infrastruktur tədbirlərinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin bildirilib ki, Xaçmaz–Şahdağ dəmir yolu xətti layihələndirilir, ərazinin coğrafi relyefi öyrənilir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930