Şahbazov Musəvi ilə danışdı: Ordumuzun uğuru...

Şahbazov Musəvi ilə danışdı: Ordumuzun uğuru...
Energetika naziri Pərviz Şahbazov ilə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan və İran arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika Nazirliyindən Sfera.az-a bildirilib ki, nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Daha sonra səfirə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə ağır artilleriya və raket qurğuları vasitəsilə hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 mülki şəxs qətlə yetirilib, 400 nəfərdən çox yaralanıb.

Səfir Ermənistanın hərbi təxribatları nəticəsində Gəncə, Bərdə, Tərtər şəhərlərində, həmçinin münaqişə zonasından kənar digər bölgələrdə həlak olanlarla bağlı Azərbaycan xalqına, şəhid ailələrinə və yaxınlarına başsağlığını çatdırıb. Ölkəsinin rəsmi mövqeyinin dəyişməz qaldığını bildirərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib. O, eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarının Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdırıb.

P.Şahbazov hazırda İranla birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və görülən işlər barədə fikirlərini bildirib, illərdir davam edən uğurlu əməkdaşlığa səfir Seyid Abbas Musəvinin töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə İranla neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və digər məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR