“Türkiyədə quş qripi yayılıb, idxal dayandırılmalıdır” - Mürvət Həsənli

“Türkiyədə quş qripi yayılıb, idxal dayandırılmalıdır” - Mürvət Həsənli

2024-cü ilin oktyabr ayından etibarən vəhşi quşların mövsümi köçü ilə bağlı dünyanın bir çox bölgələrində broyler təsərrüfatlarında quş qripinin aşkarlanması halları çoxalmağa başlayıb. Belə faktlar Rusiya və Türkiyədə də üzə çıxıb. Artıq qardaş ölkənin Konya, Əskişəhər, Afyon, Bursa və digər bölgələrində quşçuluq təsərrüfatlarında quş qripinə yoluxma faktları aşkarlanıb.

 

Sfera.az xatırladır ki, Azərbaycana Türkiyədən həm 1 günlük cücələr, həm də yumurta idxal olunur.

 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən ölkəmizə 8 milyon 856 min baş 1 günlük cücə, 15 milyon 383,52 min ədəd inkubasiya üçün mayalanmış damazlıq yumurta gətirilib.

 

Bəs belə yüksək idxal şəraitində cücə və yumurta ilə quş qripinin də Azərbaycana gətirilməsi riski varmı?

 

Bununla bağlı açıqlama verən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli qeyd edib ki, Azərbaycanda epozootik vəziyyət daim nəzarət altındadır. O söyləyib ki, Azərabycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) region ölkələri, xüsusilə də ölkəmizə quş əti və ət məhsulları, yumurta idxal olunan ölkələrdəki vəziyyəti daim izləyir.

 

Onun sözlərinə görə, hər hansı yoluxma faktı qeydə alınan ərazilərdən idxal dərhal dayandırılır:

 

“Bu, yalnız quş qripi deyil, heyvan və quşlar arasında kütləvi ölüm halına səbəb ola biləcək, həmçinin insan orqanizmi üçün təhlükə mənbəyi olan bütün xəstəliklərlə bağlı eyni addım atılır. Bu ərəfədə qardaş Türkiyənin bir neçə bölgəsində quş qripi aşkarlanıb. İlk olaraq aşkarlanma Konyada qeydə alındı. Biz onda AQTA-ya müraciət etdik, operativ qaydada Türkiyə tərəfi ilə də əlaqə yaradılaraq, Konyadan ölkəmizə quş əti, yumurta idxalı dayandırıldı”.

 

M.Həsənlinin məlumatına əsasən, Türkiyənin virus yayılan bölgəsi karantin bölgəsi elan olunub, əvəzi ödənilməklə yoluxma aşkarlanan təsərrüfatlardakı bütün quşlar məhv edilir. İdarə Heyətinin sədri hesab edir ki, təhlükə aradan qalxana qədər risk ölkələrindən idxal dayandırılmalıdır:

 

“Türkiyənin digər bölgələri ərazilərini hər hansı quş və quş məhsulları üçün tam qapadıblar. Bu, ölkədə toyuq əti və yumurtanı kəskin bahalaşdırıb. Azərbaycana Türkiyədən damazlıq və az miqdarda süfrə yumurtası, həmçinin 1 günlük cücələr idxal olunur. Bundan əlavə, dəfələrlə dediyimiz kimi, Türkiyədəki bir sıra şirkətlər gömrük rüsumlarından yayınmaq üçün öz məhsullarını Gürcüstan üzərindən Azərbaycana ixrac edirlər. Bildiyiniz kimi, Azərbaycanda yerli istehsalı qorumaq üçün damazlıq və süfrə yumurtası, toyuq ətinin idxalına əlavə rüsumlar tətbiq olunub. Bu, MDB dövlətlərinə, o cümlədən Gürcüstana aid deyil. Buna görə də bir sıra Türkiyə şirkətləri öz məhsullarını Gürcüstan adı ilə ölkəmizə göndərirlər. Yəni bu gün Türkiyədə quş qripi geniş yayılıbsa, yalnız oradan deyil, Gürcüstandan da idxal dayandırılmalıdır. Biz bununla bağlı AQTA-ya müraciət etmişik. İnanırıq ki, real təhlükə bu dəfə də doğru qiymətləndiriləcək və təhlükə aradan qalxana qədər həm Türkiyədən, həm Gürcüstandan yumurta və cücə idxalı dayandırılacaq”.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR