"Bəzi həkimlər dövlət xəstəxanalarında özəllər üçün "ov" tapmağa görə işləyirlər" - AÇIQLAMA

"Bəzi həkimlər dövlət xəstəxanalarında özəllər üçün "ov" tapmağa görə işləyirlər" - AÇIQLAMA

Ölkədə bəzi həkimlər həm dövlət, həm də özəl xəstəxanalarda çalışırlar. Maraqlıdır ki, vətəndaşlar dövlət xəstəxanasındakı bir həkimə müraciət edən zaman bir çox hallarda həmin həkim dövlət xəstəxanasında uyğun avadanlıq və ya şəraitin olmadığını bildirərək onu digər çalışdığı özəl klinikaya yönləndirir.  Bu da təbii olaraq, vətəndaşa baha başa gəlir. Xüsusilə doğuşla bağlı bu daha aktualdır. Məsələn, şəxs dövlət xəstəxanasında həkimə müayinə olunur, əsas prosedur isə həkimin yönləndirməsi ilə digər işlədiyi özəl klinikada reallaşır.  Belə hallar isə normal olaraq vətəndaşları narahat edir. 

 

Sözügedən vəziyyət və ya problem necə həll olunmalıdır? Bu istiqamətdə nəzarət mexanizmlərinə ehtiyac varmı? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa deyib ki, bu məsələdə hər hansı yönləndirməyə yol vermək olmaz:

 

“Dövlət xəstəxanalarında müalicə almaq istəyən insanlar könüllü şəkildə seçim edirlər. Adamı çox şeyə yönləndirə bilərlər, amma birinci növbədə insanların cibinə, imkanlarına uyğun olaraq məsələyə baxılmalıdır. Bu baxımdan fikrimcə, burada vətəndaşın öz seçimi önəm daşıyır. Kimisə məcburi harasa yönəltmək mümkün deyil”.

 

Millət vəkili bildirdi ki, dövlət xəstəxanalarında da bu istiqamətdə hər hansı problem yoxdur:

 

“İstənilən xəstəxanada vətəndaş doğuşu həyata keçirmək imkanına sahibdir.  Elə insanlar var ki, daha lüks şəraitdə, komfort imkanlarla bunu etmək istəyir. Bu da onların seçimidir. Amma dövlət xəstəxanalarına doğuş üçün müraciət edən şəxsin hər hansı bir şəkildə qeydə alınmaması, onun özəl xəstəxanaya həkim tərəfindən yönləndirilməsi halları varsa, bu, qanun pozuntusudur. Buna görə məsuliyyət daşıyırlar. Lakin tövsiyə etmək, məsləhət olaraq istiqamətləndirmək hər hansısa bir xüsusi məsuliyyət yaratmır. Məcburi şəkildə, aldadılmaqla bu edilirsə, o zaman şəxsin şikayəti üzrə məsələyə baxmaq olar”.

 

Digər müsahibimiz, sosioloq Lalə Mehralı saytımıza açıqlamasında dedi ki, əskər həkimlərin dövlət xəstəxanasında işləmə səbəbi özəl xəstəxanalar üçün “müştəri ovlamaq”dır :

 

“Kobud da olsa, belə deyəcəyəm, çünki onlar dövlət xəstəxanasında yalnız “ova çıxırlar”. Bir çox özəl xəstəxanalarda yaxşı qazanırlar,  bura qazandırdıqları hər pasiyentə görə yaxşı faiz əldə edirlər. Bu, bütün həkimlərə aid deyil.  Amma əksər özəl xəstəxanalarda çalışan həkimlər bu prinsiplə işləyirlər.  Xüsusilə hamilə qadınlar üzərində ciddi oyunlar aparılır.  Hamiləlik normal fizioloji prosesdir, qadınlar əvvəlcə bunu anlamalıdırlar. Hamiləlik xəstəlik deyil və bu zaman bütün testlərdən, müayinələrdən keçmək məcburiyyətində deyillər.  Onları aldadırlar ki, filan müayinədən, testdən keçməlisən. Yəni bütün müayinələrdən keçməyə məcbur edirlər. Hamiləlik dövrü başlayan bir qadın normalda Qadın Məsləhətxanasına qeydiyyata düşür və buradakı vicdanlı mamaginekoloq onu yoxlayarkən ehtiyac bildiyi müayinələrə yönləndirir. Bunlara ultrasəs, qanın ümumi analizi, sidiyin ümumi analizi, ehtiyac yaranarsa, müəyyən əlavə testlər daxildir”.

 

Sosioloq qeyd etdi ki, sözügedən testlər bütün dövlət  xəstəxanalarında həyata keçirilir:

 

“Ultrasəs müayinəsinin nəticəsi dövlətdə də, özəldə də eynidir. Hər ikisində radioloq-həkim eyni şeyləri deyir. Sadəcə dövlət müəssisəsində sığortadan əvvəlki qiymətlər özəl müəssisədəki qiymətlərdən 10-12 dəfə ucuzdur. Bizdə elə bir fikir formalaşdırılıb ki, ucuz olan hər şey keyfiyyətsizdir. Lakin insanlar anlamırlar ki, onların həssas vaxtından bəzi dırnaqarası həkimlər yararlanırlar. Qadınlar hamiləlik başlayan gündən doğuşa qədər özlərini xəstə zənn edirlər. Buna görə də həkimin dediyi bütün müayinələrdən qeyri-şərtsiz keçirlər. Bunun müqabilində az qala bir sərvət ödəyirlər. Təbii ki, qazanan özəl klinikalar, həkimlər, dərman mafiyalarıdır.  Bütün hallarda oradan nə qadın, nə də doğulacaq uşaq fayda əldə edir. Əksinə, uşaq o qədər kimyəvi dərmanlarla mayalandırılır ki, doğuşdan sonrakı prosesdə də asılı olur. Yenə eyni şey başlayır, proses bundan sonra da davam edir. Həkimlər mümkün olan bütün vasitələrlə insanları soymağa çalışırlar. Özəl klinikalarda xidmətin pis olduğunu və ya dövlət müəssisəsinə adekvat olduğunu demirəm. Amma bu gün sığorta ilə müraciət etdiyimiz dövlət müəssisələrindən də yaxşı xidmət almaq olur”.

 

Günay Rəsulqızı

 
 


OXŞAR XƏBƏRLƏR