Azərbaycan əhalisi son illərdə dərman istehlakını 2,2 dəfə artırıb

Azərbaycanda son 5 ildə dərman istehlakının miqdarı 2,2 dəfədən çox artıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ildə alınan dərmanların miqdarı 2015-ci ilə nisbətən 2,26 dəfə çox olub.
Dərman istehlakında sürətli artıma 2020-ci ildə COVID-19 virusunun yayılmasından sonra rast gəlinib. Amma yüksək istehlak miqdarı pandemiyadan sonra da qalıb və 2022-ci ildə özünün ən yüksək həddinə çatıb.
Məmumatlardan görünür ki, bir ildə istehlak edilən dərmanların miqdarı 2015-ci illə müqayisədə 2018-ci ildə 2,7 faiz çox idi. Başqa cür ifadə etsək, 2015-ci ildə 100 həb alan Azərbaycan əhalisi 2018-ci ildə 102,7 həb qəbul edib. 2015-ci ilə nisbətən istehlak miqdarı 2019-cu ildə 107,1-ə, 2020-ci ildə 145,4-ə, 2021-ci ildə 198,6-ya yüksəlib.
2020 və 2021-ci ildə dərman istehlakının kəskin artması birmənalı olaraq COVID-19 virusunun yayılmasından sonra baş verib. Lakin 2022-ci ildə epidemiyanın aradan qalxmasına baxmayaraq, dərman istehlakı nəinki azalıb, əksinə 13,7 faiz artıb. Bu səbəbdən 2022-ci ildə dərman istehlakının miqdarı 2015-ci illə müqayisədə 2,26 dəfə çox olub.
Dərman istehlakının artması adətən 3 amillə əlaqələndirilir. Bunlardan birincisi əhalinin sayının artması, digəri əhalinin yaşlanması, üçüncüsü isə xəstəliklərin artmasıdır.
2015-2022-ci illərdə əhalinin sayı cəmi 3,6 faiz artıb.
Yaşlı əhalinin sayında da dəyişik kəskin fərqlənməyib. Yeddi il ərzində yaşlı insanların sayı 15 faizdən bir qədər çox artıb.
Bu müddətdə dərman istehlakının miqdarı isə 126 faiz artıb. Deməli, əhali sayındakı artım və əhalinin yaşlanmasının dərman istehlakının miqdarındakı yüksək artıma ciddi təsiri olmayıb.
Buradan aydın olur ki, artımın əsas hissəsi üçüncü amillə, yəni xəstələnmə hallarının çoxalması ilə bağlıdır. Pandemiyadan sonra xəstələnmə hallarının hələ də çox olması əhalidə dərmanlara olan tələbi yüksək səviyyədə saxlayır.
Dərmanlarla bərabər digər əczaçılıq mallarının istehlakı da kəskin şəkildə artıb. 2022-ci ildə digər əczaçılıq mallarının istehlakı 2015-ci ilə nisbətən 4,1 dəfədən çox olub.
Tibbi və ortopediya məmulatlarında isə istehlak miqdarı 2015-ci illə müqayisədə 2022-ci ildə 5,87 dəfədən çox artıb.
Vasif