Şadlıq evləri qiymətləri artırdı – 150 nəfərlik toy neçəyə başa gələcək?

Şadlıq evləri qiymətləri artırdı – 150 nəfərlik toy neçəyə başa gələcək?
Toy mərasimlərinin keçirilməsinə icazə verilməsindən sonra şadlıq sarayları və restoranlar mərasimlərin təşkili qiymətlərini açıqlayıb. Açıqlanan qiymətlərdən görünür ki, mərasimlərin təşkili xərci pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli yüksək olacaq. 

Şadlıq evləri qiymətləri 2019-cu illə müqayisədə orta hesabla 20 faiz artırıb. Qiymət artımı həm ərzaq menyusunda, həm musiqi-əyləncə xidmətlərində, həm də digər xərclərdə müşahidə edilir.  

Sfera.az qiymət artımına bir neçə amilin güclü təsir etdiyini bildirir. Qiymət artımını şərtləndirən əsas amillər ərzaq məhsullarının son 2 ildə kəskin bahalaşması və toylarda iştirak edəcək şəxlərin sayının məhdudlaşdırılması ilə bağlıdır. 

Şadlıq evləri ən çox ərzaq məhsullarının qiymətini artırıb. 2020-ci və 2021-ci ildə hər il ərzaq məhsulları 5 faizdən çox bahalaşıb. Ötən il ərzaq məhsullarının qiyməti 5 faiz, bu il daha 5,2 faiz artıb. Ümumilikdə 2019-cu ildən sonra ərzaq qiymətlərinin 10,5 faiz artımı qeydə alınıb.
 
Menyuda dəyişiklik edilmədiyini nəzərə alsaq, 2021-ci ildə eyni menyunun alınmasına görə 10 faizdən çox ödəniş edilməlidir. Pandemiyadan öncə ərzaq menyusu 30 manat olan şadlıq sarayı bu dəfə eyni menyunu 36 manatdan təklif etməyə məcburdur. 

Şadlıq evlərində qiymətə təsir göstərən ikinci mühüm faktor toy iştirakçılarının sayıdır. Yeni qərara əsasən toy iştirakçılarının sayı 150 nəfəri keçə bilməz. 
Toy iştirakçılarının sayının az olması dövriyyə həcminə birbaşa təsir etdiyindən bir nəfər üçün çəkilən xərcin məbləği yüksəlir. Burada xərci artıran əsas amil isə iştirakçı sayına düşən sabit xərclərin artmasıdır. Sabit xərclərlə iştirakçı sayı tərs mütənasibdir. İştirakçıların sayı artdıqda sabit xərclər azalır, iştirakçı sayı azaldıqda isə xərclər artır.  Sabit xərclərə icarə, elektrik enerjisi qiymətləri, daşınmaz əmlak vergisi, işçilərə ödənilən əmək haqqı və s. daxildir.  
 
Məlumdur ki, şadlıq saraylarının əksəriyyəti icarədarlar tərəfindən idarə olunur. Bir şadlıq sarayının aylıq icarə qiymətinin 10 min manat, elektrik sərfiyyatının 2 min manat, əmək haqqı xərclərinin 5 min manat, digər sabit xərclərin 2 min manat olduğunu təxmin etsək, aydın olur ki, şadlıq sarayını idarə edənlər bu qədər xərcin ödənilməsi üçün hər gün 634 manat gəlir əldə etməlidir. 

Əgər mövcud qaydalarla şadlıq sarayı 50 nəfərlə toy təşkil edərsə, hər nəfərə düşən sabit xərc 12,68 manat, 100 nəfərlə 6,34 manat, 150 nəfərlə 4,22 manat olar. Pandemiyadan öncə toylarda orta hesabla 250-300 nəfər iştirak etdiyindən bir nəfərə düşən sabit xərc 2-2,5 manat olurdu. 

Toyların təşkili xidmətlərinin dəyərinin yüksəlməsinə təsir göstərən digər səbəb şadlıq evlərinin bəzilərinin fəaliyyətini tam dayandırmasıdır. Pandemiya dövründə çoxlu sayda şadlıq sarayı ya fəaliyyət profilini dəyişdirib, ya da artıq fəaliyyət göstərmir. Digər tərəfdən, böyük zallara sahib olan şadlıq sarayları 100-150 nəfər üçün məclis təşkilindən imtina edir. 

Bu vəziyyət bazarda toy xidmətini təşkil edən şadlıq saraylarının sayını azaldıb. Başqa sözlə, təklif azalıb ki, bu da qiymətlərdə artıma səbəb olub.
 
Yuxarıda sadalanan əsas amillərin təsiri ilə fəaliyyətdə olan şadlıq sarayları iyulun 1-dən qiymətləri 20 faiz səviyyəsində artırıb. İndi 50 nəfərlə toy etmək istəyənlər bir nəfər üçün 50 manatdan, 100 nəfərlə toy etmək istəyənlər 40 manatdan, 150 nəfərlə toy edənlər isə 35 manatdan aşağı menyu tapa bilməyəcək. 

Vasif
Sfera.az





OXŞAR XƏBƏRLƏR