Sabiq dünya çempionu Bakıdakı turnirə gələcək

Sabiq dünya çempionu Bakıdakı turnirə gələcək
Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan VII beynəlxalq super turnirdə iştirak edəcək şahmatçıların adı məlum olub.

Sfera.az-a verilən xəbərə görə, qalib adı uğrunda 8 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.

Turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı sabiq dünya çempionu Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaq. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Turnirə "Fairmont Baku” hoteli ev sahibliyi edəcək.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 (2016, 2017) dəfə turnirin qalibi olub. Ötən il isə turnir koronavirus pandemiyası ilə əlaqədar keçirilməyib.

OXŞAR XƏBƏRLƏR