\"Sabah\" klubunun yeni baş məşqçisi bəlli oldu
20:46 / 27.10.2021
1611
"Sabah" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sfera.az-ın məlumatına, paytaxt klubu Murad Musayevlə anlaşıb. Rusiyalı mütəxəssis komandanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflərin yaxın müddətdə rəsmi müqaviləyə imza atacaqları bildirilib.
38 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 21-də istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.
Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.