Rusiyanın bu qərarı Azərbaycana çətinlik yaradacaq – TAXIL BÖHRANI
13:58 / 22.02.2021
3153
2021-ci ilin fevralın 15-dən iyulun 30-na qədər Rusiya buğda, çovdar,
arpa və qarğıdalı da daxil olmaqla, bir sıra dənli bitkilərin ixracına 17,5
milyon tonluq kvota tətbiq edəcək.
Sfera.az bildirir ki, bu kvota Rusiyadan taxıl ixracının azalmasına səbəb
olacaq. Çünki Rusiyanin yalnız illik buğda ixracı 25 milyon tondan artıqdır.
Kvotanın tətbiqi Rusiyanın daha az buğda ixracına səbəb olacaq.
Bu vəziyyət Azərbaycan üçün əlverişli deyil. Azərbaycan idxal etdiyi
buğdanın əsas hissəsini Rusiyadan alır. 2019-cu ilin məlumatına əsasən ölkəmiz
1,585 milyon ton buğda idxal edib. Buğdanın 1,31 milyon tonu (82,6 faiz)
Rusiyadan, 273 min tonu (17,2 faiz) Qazaxıstandan alınıb. 2020-ci ildə buğda idxalımız
1,365 milyon ton olub. Bu qədər məhsulun 1,349 milyon tonu (98,8 faiz)
Rusiyanın payına düşüb.
Rusiyanın buğda ixracını azaltması Azərbaycana hansı çətinliklər
yarada bilər və idxal çətinliyi yaranmaması üçün başqa hansı bazarlar tapılmalıdır?
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı hesab edir
ki, Rusiyadan başqa Azərbaycana
yaxın buğda ixracatçıları Qazaxıstan və Ukraynadır. Amma o adıçəkilən ölkələrin
də oxşar addım atmasının mümkün olduğunu düşünür. "Nəzərə alaq ki, Qazaxıstanın
da ixraca kvota qoymaq söhbəti var. Ola bilər ki, Ukrayna da eyni addımı atsın.
Onda biz nə edəcəyik? Buğda strateji məhsuldur və ölkəmiz buğdasız qala bilməz”.
Q.Bayramlı taxıl bazarlarında müəyyən fasilələrlə
belə gərginliyin yaşandığını xatırladaraq problemin köklü həllinin vacib olduğunu
dedi. Onun fikrincə, məsələyə kompleks yanaşma olarsa, Azərbaycan yerli
istehsal hesabına özünü buğda və başqa taxıl növləri ilə tam təmin edə bilər: "Uzun
illərdir ki, deməyimizə baxmayaraq məsələ əsaslı şəkildə həll edilməyib. Azərbaycanın
illik taxıl istehsalı 3,5 milyon tondur. Bunun 2 milyon tonunu buğda istehsalı
təşkil edir. Ölkəmizdə istehsal edilən buğda sərt buğda olduğu üçün dəyirmanlarımızın
çoxu onu üyüdə bilmir. Böyük dəyirmanların əksəriyyətinin texniki imkanları
yumşaq buğda üyüdülməsi üçün nəzərdə tutulub. Yumşaq buğda da idxal hesabına təmin
edilir.
Bu cür dəyirmanların qurulması yanlışdır. Azərbaycanda
fermerlər min bir əziyyətlə buğda və digər taxıl məhsulu istehsal edir. İstehsal
edilən məhsulun önəmli hissəsi heyvan yemi üçün istifadə olunur. Halbuki, yerli
buğdanın keyfiyyəti, kalorisi daha yüksəkdir və dəyirmanlar imkan versə, ondan
un alıb istehlaka yönəltmək olar.
Bölgələrimizdə dəyirman şəbəkələri var idi, onların
hamısını dağıtdılar. Hər rayonda bir neçə dəyirman olmalıdır və yerli buğda həmin
dəyirmanlarda rahat üyüdülə bilməlidir. Problem yaradan əsas çətinliklərdən
biri dəyirman məsələsidir.
Azərbaycanın taxıl istehsalını artırmaq imkanları
var. Bizim potensialımız daha böyükdür. İşğaldan azad edilən ərazilərdə də
taxıl istehsalını təşkil etməklə çox rahatlıqla 4 milyon tondan artıq istehsal
etmək olar. Bununla ərzaq məshulu üçün taxıla və buğdaya olan ehtiyacı ödəmək mümkün
olacaq.
Xarici bazarlardan asılılığı azaltmaq üçün hökmən
yerli istehsal artırılmalıdır. Elə ölkələr var ki, istəsə də yetəri qədər buğda
istehsal edə bilməz. Amma Azərbaycanın buğda istehsalını artırmaq potensialı
var və bu potensialdan səmrəli istifadə etməklə yerli istehsal hesabına daxili
tələbatı 100 faiz ödəmək mümkündür”.
Vasif
Sfera.az