Rusiya Ukraynaya hücum etsə qarşısında kimi görəcək?

Rusiya Ukraynaya hücum etsə qarşısında kimi görəcək?
"Son günlər Rusiyanın Ukrayna sərhədində aktivləşməsi Kremlin Kiyevlə müharibə hazırlığında olduğundan xəbər verir. Hesab edirəm, belə bir hücum baş versə, Rusiyanın qarşısında ilk növbədə NATO bloku olacaq”.
 
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Rusiyanın Ukraynaya müharibə elan edəcəyi təqdirdə Kremlin qarşısında kimin olacağı ehtimalı haqda danışarkən deyib.

Onun sözlərinə görə, NATO blokuna daxil olan dövlətlərin heç də hamısı Ukraynanı Rusiyanın qəzəbindən qorumaq niyyətində deyil:

"Məsələ ondadır ki, uzun müddətdir NATO daxilində də anqlosakson və Mərkəzi Avropa kontinentalı arasında parçalanma mövcudur. Bunu Kreml də yaxşı bilir. Hətta demək olar ki, NATO daxilindəki problemlərə görə Ukraynaya tam dəstək ola bilmir. Misal üçün, Rusiya ilə Ukrayna arasında ehtimal edilən müharibə zamanı biz burada Almaniya və Fransanı effektiv görməyəcəyik. Əvəzində isə ABŞ, Böyük Britaniya və Kanadanı daha aktiv görə bilərik.
Rusiyanın Ukraynaya hücumu həm də Şərqi Avropa və Baltikyanı ölkələrin də ona qarşı cəbhə almasına səbəb olacaq. Onsuz da bu ölkələr uzun müddətdir ki, Rusiyaya qarşı soyuq münasibət sərgiləyir. Bu da təbiidir. Məntiqlə Ukraynanın ardınca sıranın onlara gələcəyini düşünən bu ölkələr Ukraynaya tam dəstək verəcək”.
 
Politoloqun sözlərinə görə, NATO ilk başda Ukraynaya birbaşa dəstək verməyəcək:

"Hesab edirəm NATO Ukraynaya dolayı yolla dəstək verəcək. Xüsusilə ABŞ rəsmi Kiyevə ölümcül silahlar verəcək. Bundan başqa böyük miqdarda iqtisadi yardım edərək Kiyevin Moskva qarşısında məğlubiyyətə uğramamasına çalışacaq. Əgər müharibənin miqyası genişlənsə Kiyev və digər böyük şəhərlər təhdid altına düşsə, müharibədə Qərbin birbaşa iştirakı istisna olunmur. Bəzi mənbələrə görə Britaniya artıq 9 min hərbiçisini Ukraynaya göndərib. ABŞ da Ukraynaya yaxın ölkələrdə hərbi qüvvəsini artırır. ABŞ-ın hazırda Qara dənizdə 6 sualtı gəmisi var və bu gəmilərin hamısı nüvə başlığı daşıyır. Bu və digər məsələləri nəzərə alsaq deyə bilərik ki, Kremlin Kiyevə hücumu ona baha başa gələcək”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR