Rusiya tərəfi Trampın dediklərini yalanladı
"Rusiya öz mütəxəssislərini Venesueladan çıxarmayıb və bununla bağlı Vaşinqtona müvafiq bildiriş göndərməyib”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, ABŞ prezidenti Donald Trampın Rusiyanın "öz adamları”nı Venesueladan çıxarması ilə bağlı Vaşinqtona bildiriş göndərməsi barədə dediklərini yalanlayıb.
"Çox güman ki, bu, hansısa qəzet məlumat mənbələrinə dolayı istinaddır”,- deyə Peskov vurğulayıb.
"The Wall Street Journal” isə iddia edir ki, Rusiya hərbi məsləhətçilərinin əksəriyyətini Venesueladan geri çağırıb. Rəsmi Moskva bu deyilənləri də birmənalı şəkildə təkzib edib.
Azvision.az xatırladır ki, bu ilin yanvar ayının əvvəlində Venesuelanın müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Bundan sonra ölkədə vəziyyət gərginləşməyə başlayıb. Onun "hakimiyyəti" ABŞ, Latın Amerikası və Avropanın bir sıra ölkələri tərəfindən tanınsa da, Rusiya hazırda ölkə rəhbəri olan Nikolas Maduronun hakimiyyətini dəstəkləyir.