“Rusiya bu iradları nəzərə alacaq” – Sülhməramlıların fəaliyyəti necə qurulacaq?
14:15 / 27.02.2021
1608
"Hesab edirəm ki, Rusiya Prezidentin bu
iradlarını nəzərə alacaq və nöqsanlar aradan qaldırılacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan
Prezidenti İlham Əliyevin xarici və yerli jurnalistlər üçün videoformatda
keçirdiyi mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlıların fəaliyyətini
tənqid etməsi fonunda onların fəaliyyətində dönüş yarana biləcəyi məsələsinə
toxunarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Azərbaycan Prezidenti müxtəlif zamanlarda Rusiya
sülhməramlılarının fəaliyyətinin bəzi istiqamətlərindən narazı qaldığını
bildirib. Dünən videoformatda keçirdiyi mətbuat konfransında da Prezident
Rusiya sülhməramlılarının ayrı-ayrı hallarda, Azərbaycanın icazəsi olmadan
işğaldan azad olunmuş ərazilərimizə başqa dövlətin vətəndaşlarını
buraxdıqlarına, ora ermənilərin icazəsiz
gəlib-getmələri kimi faktlara diqqəti cəlb etdi”.
Deputat hesab edir ki, Prezidentin bu
iradlarının sözügedən problemin həllində kifayət qədər əhəmiyyəti olacaq:
"2020-ci ilin yekunları ilə bağlı keçirilən müşavirədə də dövlət başçısı bu məsələyə
toxunaraq, süəhməramlıların fəaliyyətini tənqid etmişdi. Sonradan gördük ki, Rusiya sülhməramlıları
bundan nəticə çıxardı və Fransadan gələn jurnalistlərin əraziyə buraxılmasının
qarşısını aldı. Bu məhz Azərbaycan
Prezidentinin iradlarından sonra baş verdi”.
E. Nəsirov bildirib ki, ölkə Prezidenti bu məsələlərdə
qətiyyətli və prinsipial mövqeyə malikdir: "Prezidentin bu məsələləri yerli və
xarici KİV nümayəndələrilə görüşdə də qaldırmasının mahiyyəti odur ki, beynəlxalq ictimaiyyət və birlik Azərbaycan
torpaqlarının işğaldan azad olunmasından sonra yeni reallıqlar yaranıb və bu
reallıqlar beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun tənzimlənməlidir.
Heç bir tərəf razılaşmadan kənar əlavə addımlar atmamalı və üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu ilk növbədə Rusiyaya ünvanlanmış
ismarıcdır. Prezident bu istiqamətdə Rusiya ilə danışıqların aparıldığını və məsələni
hər zaman gündəmdə saxladığını bildirib”.
Həmsöhbətimiz düşünür ki, qarı tərəf səslənən bu iradlardan nəticə
çıxaracaq: "Hesab edirəm ki, Azərbaycan
Prezidentinin Rusiya sülhməramlıların fəaliyyətinin bəzi məqamlarından
narazılığı ilə bağlı iradları qarşı tərəfdən aradan qaldırılacaq. Bu isə nəticə
etibarı ilə razılaşmanın şərtlərinin icra edilməsi yolunda olduqca vacib məsələdir”.