“Rusiya bu iradları nəzərə alacaq” – Sülhməramlıların fəaliyyəti necə qurulacaq?

“Rusiya bu iradları nəzərə alacaq” – Sülhməramlıların fəaliyyəti necə qurulacaq?
"Hesab edirəm ki, Rusiya Prezidentin bu iradlarını nəzərə alacaq və nöqsanlar aradan qaldırılacaq”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin xarici və yerli jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlıların fəaliyyətini tənqid etməsi fonunda onların fəaliyyətində dönüş yarana biləcəyi məsələsinə toxunarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:
 
"Azərbaycan Prezidenti müxtəlif zamanlarda Rusiya sülhməramlılarının fəaliyyətinin bəzi istiqamətlərindən narazı qaldığını bildirib. Dünən videoformatda keçirdiyi mətbuat konfransında da Prezident Rusiya sülhməramlılarının ayrı-ayrı hallarda, Azərbaycanın icazəsi olmadan işğaldan azad olunmuş ərazilərimizə başqa dövlətin vətəndaşlarını buraxdıqlarına, ora ermənilərin icazəsiz gəlib-getmələri kimi faktlara diqqəti cəlb etdi”. 
 
Deputat hesab edir ki, Prezidentin bu iradlarının sözügedən problemin həllində kifayət qədər əhəmiyyəti olacaq: "2020-ci ilin yekunları ilə bağlı keçirilən müşavirədə də dövlət başçısı bu məsələyə toxunaraq, süəhməramlıların fəaliyyətini tənqid etmişdi.  Sonradan gördük ki, Rusiya sülhməramlıları bundan nəticə çıxardı və Fransadan gələn jurnalistlərin əraziyə buraxılmasının qarşısını aldı. Bu məhz  Azərbaycan Prezidentinin iradlarından sonra baş verdi”. 
 
E. Nəsirov bildirib ki, ölkə Prezidenti bu məsələlərdə qətiyyətli və prinsipial mövqeyə malikdir: "Prezidentin bu məsələləri yerli və xarici KİV nümayəndələrilə görüşdə də qaldırmasının mahiyyəti odur ki,  beynəlxalq ictimaiyyət və birlik Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra yeni reallıqlar yaranıb və bu reallıqlar beynəlxalq hüququn norma və  prinsiplərinə uyğun tənzimlənməlidir.  Heç bir tərəf razılaşmadan kənar əlavə addımlar atmamalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu ilk növbədə Rusiyaya ünvanlanmış ismarıcdır. Prezident bu istiqamətdə Rusiya ilə danışıqların aparıldığını və məsələni hər zaman gündəmdə saxladığını bildirib”.
 
Həmsöhbətimiz düşünür ki,  qarı tərəf səslənən bu iradlardan nəticə çıxaracaq: "Hesab edirəm ki,  Azərbaycan Prezidentinin Rusiya sülhməramlıların fəaliyyətinin bəzi məqamlarından narazılığı ilə bağlı iradları qarşı tərəfdən aradan qaldırılacaq. Bu isə nəticə etibarı ilə razılaşmanın şərtlərinin icra edilməsi yolunda olduqca vacib məsələdir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR