Rusiya Azərbaycanı KTMT-na cəlb etməyə çalışır - Ekspert
15:22 / 16.04.2021
1210
"Rusiyada Azərbaycan üçün yeni mövzu tapıblar:
Dağlıq Qarabağ münaqişəsi bitdiyindən Azərbaycan Avrasiya İqtisadi Birliyinin və
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun”.
Sfera.az-ın məlumatına görə, bunu "Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O xatırladıb
ki, Rusiya müharibədən əvvəl və müharibə
zamanı Ermənistanı istənilən qədər silahla təhciz etdi və bu proses indi də
davam edir:
"Rusiya bu günə qədər Azərbaycan ərazisinə
atılan "İsgəndər – M” raketlərinə aydınlıq gətirməyib. Bunun qarşılığında Azərbaycanın
Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. Bunlar
varkən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü
mümkün deyil. İki il öncə "Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
üzvlüyü mümkündür” fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi
polemikamız oldu. O fikrini belə əsaslandırırdı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına üzv olsa, Rusiyadan daha münasib qiymətə hərbi texnika
alacaq.
Həqiqətən Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu
sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus oldu. Misal üçün, Azərbaycan
ötən il Rusiyadan hərbi texnika almayıb. Bu, bizə artıq lazım deyil. Rusiyanın
hərbi texnikasıyla Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olaq və Rusiyadan ucuz qiymətə
hərbi texnika alaq” bəhanəsi artıq işləmir”.
Günay