“Rusiya Çarukyanı da Köçəryanı dəstəkləməyə vadar edəcək\" – Ekspert

“Rusiya Çarukyanı da Köçəryanı dəstəkləməyə vadar edəcək\
"Ermənistanda seçkilərə az qalmış Rusiya digər partiyalar kimi Qaqik Çarukyanı da Köçəryana dəstək olmağa çağıracaq".
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. 

Ekspert "Çiçəklənən Ermənistan” partiyasının lideri, müxalifətçi Qaqik Çarukyanın Rusiya ilə münasibətləri isitməyə çalışdığını da bildirib:

"Qaqik Çarukyan Rusiya ilə münasibətləri hər zaman isti tutmağa çalışıb və dolayısı ilə Ermənistanda Rusiyanın əlavəsi kimi çıxış edib. Buna görə də siyasi anlamda Çarukyan nə qədər savadsız olsa da, Rusiya tərəfindən həmişə siyasi kart olaraq istifadə olunub. Xüsusilə də bəzi məsələlərin maliyələşdirilməsində, mühüm alət hesab olunur. Məhz bu amilə görə Çarukyan bütün zamanlarda koalisiya hökumətinin üzvü olub. Çarukyan Rusiyaya mesaj verir. Onun rəhbərlik etdiyi partiya 20 iyun seçkilərində iştirak edəcək. Buna görə də belə açıqlamalarla Rusiyanın özünəyönəlik diqqətini cəlb etmək istəyir. Yəni demək istəyir ki, parlament seçkilərində qalib gələrsə, Rusiya ilə birgə hərəkət edəcək, onun hakimiyyəti altına keçəcək. Lakin dəqiq məsələdir ki, Rusiya Çarukyanı dəstəkləmir. Çünki Çarukyandan daha güclü namizəd, Köçəryan var. Düşünürəm ki, seçkiyə az qalmış Rusiya Çarukyanı da Köçəryanı dəstəkləməyə vadar edəcək". 

Politoloqun sözlərinə görə, Paşinyan Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın rolunu əvvəlki kimi önəmli saymır:

"Çarukyan bilir ki, artıq Ermənistan Rusiyanın orbitindən uzaqlaşıb və bu gələcəkdə daha kəskin hal alacaq. Bu baxımdan bu məsələni önə çəkməklə özünü göstərmək istəyir. Fakt ondan ibarətdir ki, Paşinyan artıq Rusiyanın Ermənistanı müdafiə etmədiyini bəyan edir. Eyni zamanda Fransaya, Avropanın mərkəzi Brüsselə seçki öncəsi Paşinyanın səfəri bunu sübut edir. Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsində Rusiyanın iştirakını Paşinyan yetərli saymır və üçüncü, dördüncü tərəfləri prosesə cəlb etmək istəyir. Çarukyanın da cəmiyyətə mesaj vermək istədiyi məqam bundan ibarətdir ki, Paşinyanın qalib gələcəyi komanda Rusiyadan daha da uzaqlaşacaq". 

Qeyd edək ki, "Çiçəklənən Ermənistan” partiyasının lideri müxalifətçi Qaqik Çarukyan bildirib ki, Ermənistanın təhlükəsizliyini yalnız Rusiya təmin edə bilər. Bunun üçün o, Rusiya ilə yeni hərbi-siyasi sənəd imzalanmalı və daha sonra başqa addımların atılmalı olduğunu qeyd edib. 

Əzizə Zeynal 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR