Rus ordusu niyə Qazaxıstanı belə tez tərk edir? - Çin faktoru, yoxsa...

Rus ordusu niyə Qazaxıstanı belə tez tərk edir? - Çin faktoru, yoxsa...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb. Yanvarın 9-da Qazaxıstanda yerləşdirilməsi başa çatan hərbi kontingentin cəmi 4 gün sonra oranı tərk etməyə başlaması hamı üçün gözlənilməz oldu. Bu hərbi müdaxiləni işğal və müstəqil Qazaxıstanın süqutu kimi qiymətləndirənlər, Rusiya ordusunun bir daha Qazaxıstanı tərk etməyəcəyini bildirənlər az deyildi.
 
Maraqlıdır, rus ordusu niyə Qazaxıstanı belə tez tərk edir?

Bununla bağlı politoloq Teymur Qasımlı Sfera.az-a açıqlamasında deyib ki, KTMT hərbi kontigentinin Qazaxıstana daxil olması ümumiyyətlə, hazırkı prezidentin ən böyük səhvlərindən biri idi və siyasi karyerasına ləkə gətirdi:

"250 minlik ordusu ola-ola sülhməramlıların dəvət edilərək qazax xalqına qarşı anti-terror əməliyyatlarının aparılması səhv idi. Sülhməramlıların ölkə ərazisini qısa zaman ərzində tərk etmə səbəblərindən biri odur ki, Qazaxıstanın daxilində Tokayev sərt qınanılmışdı, məsələn, ölkənin Ağsaqqallar Şurası bununla bağlı prezidenti tənqid etmişdi. İkincisi, beynəlxalq ictimai qınaq, həmçinin sərt olmasa belə, ABŞ-ın müəyyən tənqidləri oldu. Üçüncü ən önəmli səbəb burada Çinin rolunun olmasıdır”.

Müsahibimiz xatırladıb ki, Çin ilk günlər Tokayevi dəstəklədi: 

"Lakin sözügedən ölkənin Xarici İşlər Nazirliyi, o cümlədən Çinin lideri səviyyəsində Tokayevlə danışıqlar oldu və sətiraltı xəbərdarlıqlar edildi ki, biz rus ordusunun əraziyə daxil olmasından narahatıq. Əsasən Çinin mövqeyi, həmçinin qeyd etdiyim kimi beynəlxalq ictimaiyyət, daxili tənqidlərdən sonra Tokayev  sülhməramlıların çıxacağını açıqladı. Avropanın, ABŞ-ın da iştirakı ilə də hər hansı telefon danışığı ola bilər. Lakin bu o demək deyil ki, rus ordusu oradan tam olaraq çıxacaq. Burada müəmmalı məsələlər hələ çoxdur”.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR