Restoranlarda BAHALAŞMA - Çörək limitlə verilir

Restoranlarda BAHALAŞMA - Çörək limitlə verilir
Bir neçə gündür unun və çörəyin qiymətinə edilən dəyişiklik geniş müzakirə mövzusudur. Bununla yanaşı, dünəndən bəri sosial şəbəkələrdə aparılan müzakirələrdə restoranlarda çörəyə əlavə qiymət tətbiq olunması və yaxud limitin qoyulması ilə bağlı məlumatlar yayılıb. Həmçinin, xəmir xörəklərinin bahalaşdığı bildirilir.

Bu minvalla restoranlarda pandemiyadan sonra onsuz da yüksələn qiymətlər, son dəyişikliklərlə pikə çatmaq üzrədir...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a danışarkən bildirib ki, restoranlar onsuz da kifayət qədər gəlir əldə edir:

"Un və un məmulatlarında qiymətlər qalxıb, bu, başadüşüləndir. Amma restoranlar da bundan sui-istifadə etməməlidir.

Açığı deyim ki, restoranlarda insanlar çox da çörək yemir. Amma restoranlarpn buna baxmayaraq, çörəyə qiymət tətbiq etməsi, limitli sayda verməsi düzgün deyil. Onsuz da restoran sahibləri kifayət qədər gəlir əldə edirlər.

Hər kəsə müraciət edirəm ki, insanların vəziyyətini nəzərə alsınlar. Bu problemlər həmişə davam edəsi deyil. Bununla bağlı tədbirlər planı hazırlanacaq, hər şey öz həllini tapacaq. Ona görə də insanları hər bir tərəfdən incitmək olmaz.

İnsanlara kafeyə gedib tonla çörək yemir ki, 10-15 qəpiklik yeyir. Ona görə də çörəklərə qiymət tətbiq etmək və ya limitlə satmaq düzgün deyil. Əks-təqdirdə restoranlar özləri ziyanla qarşılaşacaqlar. Çünki insanlar bu halları görüb, getmiyəcəklər”.

İqtisadçı Xalid Kərimli deyib ki, ölkədə ərzaq və içki qiymətlərinin artımı restoranlardakı qiymətlərə də təsir edəcək:

"Ötən ilin noyabrın sonuna qədər ərzaq qiymətləri 15,2% artıb. Məsələ ondan ibarətdir ki, restoranlar tək çörəyin yox, bütün yeməklərin və içkilərin qiymətini qaldırıb. Bunun səbəbi isə ölkədə yanvar ayından həm ərzaqların, həm də içkilərin aksiz vergisinin 25% artırılmasıdır.

Ümumiyyətlə, bu qiymət artımları restoranların daxili xərcini çoxaldıb. Onlar da məcbur olub, qiymətlərə uyğun özlərinin xərcini tənzimləyir.

İnsanlar bu vəziyyətə mart ayından, restoranlar isə ilin ikinci yarısından sonra adaptasiya olacaqlar”.

OXŞAR XƏBƏRLƏR