\"Rəsmilər özləri də etiraf edir ki...\" - ABŞ-la Rusiyanın hegemonluq yarışında yeni rıçaqlar

\
Son günlər Qərb-Rusiya münasibətlərinin yenidən gərginləşdiyinin şahidi oluruq. Xüsusilə Ağ Evin yeni sahibi Co Bayden Rusiyaya qarşı sanksiyaların növbəti  dəfə tətbiqinə, müxtəlif təzyiq formalarının istidafəsinə çalışır. Belə ki, Bayden administrasiyası martın 2-də Rusiya müxalifət lideri Aleksey Navalnıya qarşı sui-qəsd cəhdində rol oynadıqlarını bildirərək, bir neçə fiziki şəxs və quruma qarşı sanksiyalar tətbiq etdiyini elan edib.
 
Maraqlıdır, ABŞ-Rusiya münasibətləri Baydenin dönəmində necə inkişaf edəcək? O cümlədən proseslərin Cənubi Qafqaz bölgəsinə təsiri olacaqmı?

Bununla bağlı politoloq Rusif Məmmədsoy Sfera.az-a açıqlamasında bildirib ki, hazırda dünyada iki hegemon güc var:

"Birləşmiş Ştatlar və Çin. Amerikalı rəsmilər özləri də etiraf edir ki, indiki məqamda əsas rəqib məhz Çindir. Bu mənada ABŞ və Rusiya arasında rəqabət çox böyük olsa da, bunu SSRİ dönəmi ilə eyni səviyyədə müqayisə etmək doğru olmazdı. Lakin istənilən halda hakimiyyətdə istər Co Bayden, istər Buş, istər Klinton fərq etməz. Rusiya ilə hər zaman mübarizə davam edəcək”.

Politoloq qeyd edib ki, Baydenin gəlişindən sonra hər cəbhədə, xüsusilə də Cənubi Qafqazda fəallıq daha da artacaq: 

"Türkiyə NATO-nun regiondakı təmsilçisidir. Gürcü rəsmilərlə türk rəsmilərin görüşləri, Gürcüstanın avroatlantik məkana inteqrasiya məsələsinin dəfələrlə qeyd edilməsi də bunun bariz nümunəsidir. 

Bundan əlavə Ermənistanda baş verən proseslərdə də Birləşmiş Ştatların, ümumilikdə Qərb blokunun əli olmamış deyil. Paşinyan özü də elə Qərbin layihəsidir. Bu mənada gizli şəkildə İrəvanda Rusiya və Qərbin mübarizəsinə şahidlik etdik. Sadəcə bu da deyil. Mərkəzi Asiya ölkələri ilə əlaqələr güclənməkdə davam edir. Bundan sonra da edəcək”.

R.Məmmədsoyun sözlərinə görə, Navalni məsələsi də Rusiyaya qarşı təsir rıçaqlarından biridir: 

"Amma o qədər də effektiv olmadığını gördük. Bəli, əvvəlcə Rusiyanı iğtişaşlar bürüdü, hər yerdə etirazlar başladı. Lakin davamı gəlmədi. Navalni amili yaxşı layihə idi. Ancaq bundan sonra istəniləni verə biləcəkmi bu çətin sualdır. Putin amilini unutmamaq lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR