Rəsmi Bakı Minsk Qrupunun qayıdışına hansı şərtlərlə razı olacaq? – Politoloqdan açıqlama
15:48 / 16.04.2021
1205
"Minsk qrupu yenidən prosesdə iştirak etmək
istəyirsə, konkret təkliflərlə gəlməlidir. Bu təkliflər isə münaqişədən sonra
yaranan yeni vəziyyəti tənzimləməkdən ibarət olmalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında hazırkı vəziyyətdə
pat duruma düşən ATƏT-in Minsk qrupunun fəaliyyətində yenidən canlanma olması
üçün qurumun hansı təkliflərlə çıxış etməli olduğuna aydınlıq gətirərkən
politoloq Natiq Miri deyib:
"ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsi ətrafında
fəaliyyəti üçün daha elə də böyük fəaliyyət sferası qalmayıb. Prezident İlham
Əliyev birmənalı olaraq bəyan etdi ki, Azərbaycan bu münaqişəni həll edib. Ona
görə də burada Minsk qrupunun artıq oynaya biləcəyi ciddi rol yoxdur. Minsk
qrupu yenidən prosesdə iştirak etmək istəyirsə, konkret təkliflərlə gəlməlidir”.
Bu təkliflər isə həmsöhbətimizin fikrincə,
münaqişədən sonra yaranan yeni vəziyyəti tənzimləməkdən ibarət olmalıdır: "Onlar sərhədlərin müəyyənləşdirilməsi, Azərbaycanın
Naxçıvan və Qazaxda hələ də işğal altında qalan ərazilərin qaytarılması istiqamətində
konkret təklif və qrafiklə gəlməlidir. Bu
da əsasən Ermənistanla iş aparmağı özündə ehtiva etməlidir. Minsk qrupu həmçinin
Qarabağın ermənilər yaşayan ərazilərinə, xüsusən də Xankəndinə, Ağdərə, Xocalı,
Xocəvəndə azərbaycanlıların öz yurdlarına geri qayıtmaları məsələsini həll edə
bilər. Qurum basdırılmış minaların xəritəsinin
Ermənistandan alınması ilə də məşğul olmalıdır. Bu xüsusda fəaliyyət göstərərlərsə,
Azərbaycan onların fəaliyyətinə razı olar”.
Elçin