Rəşad Atakişiyevsiz iki il... – Qayınatası şəhidin ailəsindəki vəziyyətdən danışdı / MÜSAHİBƏ
10:05 / 24.07.2021
1740
Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant, şəhid Rəşad Atakişiyevin həlak olmasından iki il keçir.
Sfera.az-ın əməkdaşı polkovnikin anım günü ilə bağlı R.Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli ilə söhbət edib.
- Qabil müəllim, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından iki il ötür. Bu iki ildə nələr dəyişdi?
- Rəşad Atakişiyev təkcə bizim ailə üçün deyil, həm də bütün Azərbaycan, Hərbi Hava Qüvvələri üçün böyük itki idi. O, təvazökar, amma bir o qədər də bilikli, savadlı, peşəkar pilot idi. Həmkarları arasında həddindən artıq böyük etibar və hörmət qazanmışdı. Rəşad özünə tələbkar yanaşan, daim üzərində çalışan biri olub. Sanki bir alim kimi həmişə gözünün ədəbiyyatlarda olmasına, əlbəttə, hərb təyyarələri, ona dair məlumatları alaraq biliyini artırmasına təəccüblənirdim. Zənnimcə, onun simasında Azərbaycan Hərbi Hava Qüvvələri özünün böyük bir pilotunu itirdi, amma Rəşadın adı həm də ölkəmizin hərbi təyyarəçiləri sırasına qızıl hərflərlə yazıldı.
- Rəşadın həlak olmasından sonra onun ailəsində depressiv bir mühit yaranmışdı. Hazırda vəziyyət necədir?
- Açığı, Rəşadı öz oğlum kimi sevirdim. İkimizin arasında böyük hörmət , hətta məhəbbət yaranmışdı. Onun ölümündən sonra mən çox kövrək olmuşdum. Müəyyən streslər oldu, amma öhdəsindən gəldim. Ailəsi bu ağır itkini çox çətin yaşadı və hələ də yaşamaqdadırlar. Həyat yoldaşı bir ilə yaxın depressiv vəziyyətdə oldu, demək olar ki, edilən müalicələr də lazımi effekt vermədi. Uşaqlarından böyük oğlu hadisələrin mahiyyətini bilirdi, atasının həlak olduğunu dərk edirdi. Düzdür, biz bu haqda nə ona, nə də kiçik oğluna məlumat verməmişdik. Kiçik oğlunun hələ onda 4 yaşı var idi, amma böyük oğlu o zaman 8 yaşında idi və hər şeyi başa düşürdü. Onun birdən hamama girərək ağladığının şahidi də olmuşduq. Bizimlə bir yerdə olanda isə, keçirdiyi hissləri biruzə vermirdi, özünü məğrur aparmağa çalışırdı. Çox qəribə uşaqdır. Dövlət uşaqlar üçün təqaüd ayırdı, ailənin maddi durumunu normal hesab etmək olar. Qızım da müəyyən qədər özünə gəlib, hətta yaradıcılıqla məşğuldur, doktorluq dissertasiyası üzərində işləməyə başlayıb, bir neçə mahnı da yazıb. Mahnıların hamısını Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva ifa edir.
- Övladlarından söz düşmüşkən, onlardan hansısa atasının yolunu davam etdirmək istəyirmi?
- Həyatı dərk etməyə başlamış böyük oğlu Rəşadın yolunu davam etdirmək istəmir. Həkim olmağı, insanlara şəfa verməyi arzulayır. Həm də xaricdə təhsil almaq fikrindədir. Azərbaycan dilində təhsil alsa da, artıq indidən rus, ingilis dillərində normal danışa bilir, dərslərində də uğurludur. Amma kiçik oğlu hələ məktəbə başlamayıb, hələ məktəbəhazırlıq qruplarına gedəcək. O, gah kəmərinə uşaq tapançası taxır, gah da belindən qılınc asır. Uşaq dünyasıdır. Əvvəllər elə bilirdim ki, uşaqlar daha çox anadan yetim qalırlar, amma atadan yetim qalmağın da ayrı fəsadları olurmuş. Bu, uşaqların xarakterində özünü göstərir. Bir çox mətləblərin başa düşülməsində, xarakterin formalaşmasında atanın əvəzsiz rolu var. Hər təyyarə uçanda, hətta sərnişin təyyarəsi uçanda da Rəşadın kiçik oğlu "atam uçdu getdi” deyir. Yəni Rəşadın itkisi ən çox bizim ailəmizə zərbə vurdu. Məsələn, həyat yoldaşım qızımla birgə qalır, hətta buna görə işdən də çıxdı. Həkim idi , nevropatoloq. Hər halda, uşaqlar sağlam böyüyürlər, problem yoxdur. Qızım da işləyir. Qayğıya ehtiyacları olsa da, ailədə bütövlüyü, optimizmi bərpa edə, qoruyub saxlaya bildik.
- Son olaraq, Rəşad sizin xatirinizdə necə biri kimi qalacaq?
- Mərd, yetkin şəxsiyyətə malik, alovlu vətənpərvər bir insan və Azərbaycanı canı, qanı qədər sevən biri kimi xatirimdə qalacaq. Onun mənə qarşı iltifatlı, sayğılı davranışları heç zaman yaddaşımdan çıxmayacaq. Ona görə bəzən Rəşad haqqında danışarkən çox kövrəlirəm.
Xatırladaq ki, 2019-cu il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. O, avqustun 21-də II Fəxri xiyabanda dəfn edilib.
Günay Rəsulqızı
Sfera.az