Rəqsanəylə Nigar Camalın ayaqları, Rozanın 2 manatlıq koftası, Xatirəni "qazlayanlar" - HƏFTƏBECƏR

Rəqsanəylə Nigar Camalın ayaqları, Rozanın 2 manatlıq koftası, Xatirəni "qazlayanlar" -  HƏFTƏBECƏR

Sfera.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (40-cı say) təqdim edir.

Mötərizənin içərisindəki rəqəmdən məlum olduğu kimi bu, layihəmizin 40-cı sayıdır. Necə deyərlər, qırxımız da belə çıxdı.

"Kristal" qrupunun rəhbəri, tanınmış prodüser Mədinə Məlik çox aktual məsələyə toxunub. O üzdən mən də Mədinə xanımın fikirlərinə yer ayırmaq qərarına gəldim. Prodüser deyib ki, Azərbaycanda bəzi müğənnilər (mən deyərdim ki, böyük əksəriyyəti - İ.V.) hüquqi və fiziki şəxs kimi vergi ödəyiciləri olduğunu belə bilmirlər:

"İllərdir bu sənətdəyəm, bundan öncə də özümün şəxsi biznesim var idi. Hesab edirəm ki, ən azından bu işdə olan hər bir insanın fiziki şəxs kimi VÖEN-i olmalıdır".

Həqiqətən də 100 minlik maşından dayanacaqda dayanıb avtobus gözləyən müəllimə yuxarıdan baxan hansısa natamam orta təhsilli biri dövlətin vergisini də ödəməlidir. Əgər ömrünün 15 ilini təhsilə həsr edən və 200 manat məvacib alan müəllim bunu edirsə, səkkizinci sinifdən çıxıb ərə, oradan da sponsorun "qəbuluna" gedən müğənni niyə də vergi ödəməsin?

Gənc müğənni Günay İbrahimli yenidən davranış qaydaları barədə master-klass hesab olunacaq açıqlamalar verib. Deyib ki, lazım olan yerdə özünü ulduz kimi aparmalısan. Əgər sadə olmasan, hörmətin də olmaz:
"Bəzi çaşan insanlar var ki, onlara yuxarıdan baxmaq lazımdır. Səbəbkarı özləridir. Xasiyyətim isə necəyəmsə, eləyəm. Hələ sənətdə heç nə etməmişəm. Ola bilər ki, digər həmkarlarımdan məşhuram, amma hələ etdiklərim kifayət deyil. Çalışıram, getdiyim efirlərə fikir verim. Ayağımın altını qazmaq istəyənlər az deyil. Bu sənətdə 2009-cu ildən varam. Bu uzun bir ərəfə deyil. İstəmirəm, qısa vaxtda qazandığım sevgini hansısa hərəkətimlə itirim, xalqın gözündən düşüm".
"Lazım olan yerdə özünü ulduz kimi aparmalısan" və ardınca "bu sənətdə heç nə etməmişəm" nə deməkdir? Sənətdə heç nə etməyən biri özünü necə ulduz kimi apara bilər? Kiməsə yuxarıdan baxmaq üçün özünü ulduz kimi aparmağa nə hacət? Ümumiyyətlə, bu xanımın belə açıqlamalarını oxuduqca sənətə ilk gəldiyi vaxtlar, prodüser Təranə Səmədovanın ona görə tanış-biliş jurnalistlərə etdiyi xahişlər yadıma düşür.

Bir müddət öncə müğənni Roza Zərgərlinin Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyin olunduğunu yazmışdım. Hətta bu məsələ mənimçün tənqid mövzusu idi. Özlüyümdə düşünmüşdüm ki, Roza hara, dram teatrı hara? Halbuki bu xanımın rejissor təhsili var. Amma diplomu olmaq nə istedaddır, nə də bacarıq. Sonuncu açıqlaması isə məni xeyli kövrəltdi. Hətta göz yaşlarım bu anlarda noutbukun klaviaturasının üstündə mini-sel əmələ gətirib. Sitatı oxuyun, mən də gözlərimin yaşını silim:
 
"Dəyərli geyimlərim çoxdur. Bəzi libaslarım var ki, illərdir məndədir, geyinmirəm, amma atmıram da. Qarderobumda saxlayıram. Mənim üçün ən dəyərli libaslar kliplərimdə geyindiyimdir. Mənə uğur gətirən ekran işlərimdəki paltarları heç vaxt atmaram. Qiymət baxımından isə ən bahalı paltarımı 2 min manata almışam. Mən maddi dəyərə önəm vermirəm. 2 manata da kofta alıb geyinmişəm".

Yeri gəlmişkən, bu sitata ağlayan neçə nəfərik? Hə, onu deyirdim axı. Biz də elə bilirik, sənət adamları qaz vurub, qazana doldurur, səhəri Antalyada, axşamı Monteneqroda, gecəni Texasda olurlar. Gördüyünüz kimi, heç də belə deyil. Teatrda nə əməkhaqqı verirlər ki, rejissor o pulla bu yerləri gəzə bilsin. Ooobboyda rejissorun iki manatlıq kofta geyinməsi dediklərimin əyani sübutudur.

Müğənni Xatirə İslam eyni gündə üç yas mərasimində iştirak edib. Hərəsində yarım saat oturandan sonra belə qərara gəlib ki, bundan sonra heç nəyə əsəbləşməyəcək: "Bu gün üç insanın yas məclisində oldum. Hamısı dünyasını infarktdan dəyişib. Axı mən niyə bu qədər əsəb keçirib, tez məhv olmalıyam? Görəsən, hamının inanıb iş tapşırdığı adamlar onu aldadır? Başına oyun açır, yoxsa tək mənimkilərdir? Görəsən, mənim başıma bir iş gəlsə, bu adamlar kimi "qazlayacaqlar"? Heç olmasa məni qorusalar". 
Xatirə xanımın inanıb iş tapşırdığı şəxslərə səslənirəm. Özü demişkən, bu xanımı qoruyun, yoxsa sonra "qazlamağa" adam tapmayacaqsınız. Zarafat bir qırağa, Xatirə İslam şou aləmində səsi olan 5-10 nəfərdən biridir. Bu xanımı "qazlamaq" fikrinə düşmək isə ayıbdır. Sizi qınayıram...

Ölmədik, Rəqsanənin ayaqlarını da gördük. Kim baxmayıbsa, dərhal google-da axtarış verib baxsın. Rəqsanə olduğunu bilməsən, deyərsən ki, Cennifer Lopezdir, Şakiradır. Ayaq deyirəm e, sizə. Sizə ayaq demirəm e. Yəni maraqlı fotolardır, baxmaq məsləhətdir.

Ayaqdan söz düşmüşkən, "Eurovision" qalibimiz Nigar Camal da yeni fotosessiyada ayaqlarını nümayiş etdirib. Ümumiyyətlə, sizə bir söz deyim də. Bu ayaq ki var, sənətçi üçün çox strateji və əhəmiyyətli yerdir. Birincisi, ayağın düşərli olmalıdır, ikincisi öz ayaqların üstündə dayanmalısan, üçüncüsü dost başa baxar, sponsor ayağa... Yəni el arasındakı bu kimi dəyərli misallar elə-belə deyilməyib. 

Bir xəbər də teatrdan yazsam, yerinə düşər. Gəncə Dövlət Dram Teatrı haqda yazdığım bir xəbərə görə, məni bu mədəniyyət ocağında "xalq düşməni" elan ediblər. Məsələnin mahiyyəti bu idi ki, direktor Əli Qasımovun evindən oğurluq olub. Oğrular pul və zinət əşyaları ilə yanaşı, 40-a yaxın işçinin maaş kartlarını da aparıblar. İndi camaat da məndən soruşur ki, 40 işçinin maaş kartı direktorda nə gəzir? Hələ o gün bir nəfər də fotolar göndərib. Soruşuram ki, bu nədir? Deyir direktorun villasıdır. O yanındakı villa isə teatrın aktrisasınındır. Dedim, a kişi, ağlını başına yığ, teatr direktorunda o boyda pul nə gəzir? Gördüm, dalınca bir foto da göndərdi. 30 qəpiklik zavod çörəyini quş yemi formasına salıb şəklini çəkib göndərmişdi. Yazdı ki, bax bu çörək haqqı düz deyirəm. Dedim çörək gözünü tutsun, and içirsən-içirsən, bu çörəyi niyə didib-tökmüsən? Nə isə, indi məsələ açıq qalıb. Gələn həftəyə nəsə bir xəbər olsa, mütləq oxuyacaqsınız. 

Axırda sizə bir şad xəbərim var. Deməli, bu günlərdə Bakıda gecə klubunda 26 yaşlı modelAynur Şeydayeva tanımadığı şəxsin hücumuna məruz qalıb. Hadisə gecə 03:30-da baş verib. Model məsələ ilə bağlı 8-ci polis bölməsinə müraciət edib. Bax adama deyərlər, ay filan-filan olmuş, günün günorta çağı (gecə 03:30) sənin xalxın qızı ilə nə işin var? Görürsən ki, dərdli adamdır, gəlib dərdini dağıtmağa. İndi gedib cəzanı çəkərsən. Hələ sən bir bunun cəsarətinə bax e. Nə isə, bərk əsəbləşdirdi məni bu xəbər...

Di salamat qalın.


OXŞAR XƏBƏRLƏR