“Reklam televiziyası nəyə gərəkdir, nə ehtiyac vardı?” – Ekspert

“Reklam televiziyası nəyə gərəkdir, nə ehtiyac vardı?” – Ekspert
Azərbaycanda reklam televiziyasının yaradılması ilə bağlı iş aparılır.

Bu barədə bir neçə gün öncə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri Fərhad Qaraşov məlumat verib.

Nazirlik rəsmisi yeni televiziyanın reklam bazarında baş verən yenilikləri işıqlandıracağını da qeyd etdi.

Maraqlıdır, yeni televiziyanın konsepti necə olmalıdır? Reklam televiziyasının yaradılması hansı zərurətdən irəli gəlir?

Məsələ ilə bağlı Sfera.az-a danışan media eksperti Zeynal Məmmədli yeni yaradılacaq televiziyanın digər kanallara mane olacağını deyib:

"Hər halda yaradılacaq yeni televizya dövlət hesabına maliyyələşdiriləcək. Büdcədən maliyyələşən Azərbaycan Televiziyası və İctimai Televiziya varkən, bu televiziyanın yaradılmasına ehtiyac varmı?  Reklam televiziyasının yaradılması digər kanallarda verilən reklamlara da mane olub, əngəlləyəcək. Milli Teleradio Şurası artıq reytinqlərin ölçülməsi ilə bağlı qərar qəbul edib. Bizdə sərbəst bazar nə qədər formalaşıb ki, sahibkarlar özü seçsin ki, hansı televiziyaya rekla­m versinlər ya verməsinlər. İndiyədək Azərbaycanda reklam bazarının həcmi ilə bağlı bir dənə də olsun araşdırma, bilgi yoxdur. Məsələn, bir neçə il əvvəl Estoniya kimi kiçik ölkədə reklam bazarından 200 milyon avro qazandığı açıqlandı. Bəs, yaxşı, Azərbaycanda bu məbləğ təxmini nə  qədər olar, bunu bilmirik”.
 
Ekspert bəzi dövlət qurumu rəsmilərinin insanlarda müxtəlif suallar yaratdığını deyib. Z.Məmmədli indiki məqamda dövlət büdcəsinə ziyan vurmağın doğru olmadığını vurğulayıb:
 
"Belə baxırsan ki, ölkədə xəbər verilişləri də, əyləncə verilişləri də kiçik büdcə ilə maliyələşdirilir. Azərbaycanda hesablanmır ki, bir televiziya reportajı neçəyə başa gəlir? Bütün bu sadaladıqlarım bir-biri ilə bağlı məsələlərdir. Bu qədər suallar qala-qala ortaya yeni layihələr atılır. Reklam televiziyasının yaradılması az qala dünyada bir ilk olacaq. Reklam bazarındakı yeniliklərin işıqlandırlması belə özü bir reklamdır. Yəni bununla sən kimisə önə çıxarırsan. Bu iş necə qurulacaq? Bir halda ki, ölkədə dövlət büdcəsi hesabına maliyyələşən iki televiziya var, o zaman reklam televiziyası nəyə gərəkdir? Büdcəyə bu formada ziyan vurmaq lazımdırmı? Minatəmziləməyə pul ayrıldığı zamanda, maaş və pensiyaların artırılmasına ehtiyac olan bir dövrdə bir də belə televiziyanın yaradılması zəruri deyil. Ortada çoxlu sual var. Bəzi qurum rəsmiləri vətəndaşların suallarını cavablandırmaq əvəzinə, əksinə olaraq insanlarda yeni suallar yaratmaqla məşğuldurlar”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR