“Regionda güc balansının dəyişməsinin vaxtı çoxdan çatıb” - Politoloq

“Regionda güc balansının dəyişməsinin vaxtı çoxdan çatıb” - Politoloq
"İkinci Qarabağ savaşının başlamasından bir il keçir. Bu bir il ərzində Azərbaycanın atdığı addımlar və qazandığı zəfər həm regionda, həm də dünyada ciddi siyasi dəyişimlərin yaşanmasına səbəb oldu”.

Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.

O, bildirib ki, uzun illərdir, dondurulmuş və həm də davam edən münaqişənin bir gün ciddi, hərbi toqquşmaya çevriləcəyi şübhəsiz idi və belə də oldu:

"Atəşkəsin tarixi xronologiyasına nəzər salsaq, 1994-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış atəşkəs müqaviləsindən 27 sentyabr 2020-ci ilə qədər Azərbaycan tərəfinin hər zaman atəşkəsə sadiq olub sülh danışıqlarını davam etdirməsinin, Ermənistan tərəfinin isə bu atəşkəsi demək olar ki, hər gün dəfələrlə pozmasının şahidi olurduq. Digər tərəfdən isə görünən o idi ki, Qarabağ münaqişəsinin həllində əsas vasitəçi kimi çıxış edən ATƏT-in Minsk Qrupu (ABŞ, Fransa və Rusiya) münaqişə başlayandan II Qarabağ savaşının başladığı 27 sentyabr 2020-ci ilə qədər atdığı addımlarla münaqişəni həll etmək əvəzinə, daimi şəkildə münaqişənin uzanmasına, gərginliyin saxlanılmasına, imkan düşərsə Qarabağ münaqişəsini Ermənistanın xeyrinə həll etməyə çalışırdı.
II Qarabağ savaşından öncə dəfələrlə Ermənistan tərəfi ciddi təxribatlara əl atmış və lokal xarakterli silahlı qarşıdurmalar yaşanmışdır. 2016-cı il aprel döyüşləri həm Ermənistan, həm də Azərbaycan baxımından bir neçə məsələni açmış oldu”.
 
Politoloqun sözlərinə görə, münaqişənin davam etdirilməsində maraqlı oldan dövlətlər Qarabağ savaşının bitməsində maraqlı görünmürlər:

"Regionda güc balansının dəyişməsi vaxtı çoxdan çatıb. Aprel döyüşlərindən sonra ikici böyük lokal toqquşma 2020-ci ilin iyul ayının 12-də Tovuz döyüşləri oldu. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov şəhid oldu. Bu döyüşlərin digər önəmli hadisəsi Azərbaycan Silahlı Qüvvələrinin müharibə başlayarsa hansı hərbi taktiki manevrlərdən istifadə etməli olduğunu göstərdi.

Nəhayət, İkinci Qarabağ savaşı başlamadan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistan tərəfinin təxribatları artırdığını və bunun nəticəsində regionda yenidən müharibənin alovlanacağı barəsində həyəcan siqnalını vermiş oldu.
 
Bu hadisədən qısa müddət sonra Ermənistanın davam edən təxribatı daha da intensivləşdi. I Qarabağ savaşı zamanı başqalarının köməyi sayəsində "qələbə" əldə etmiş Ermənistan tərəfi yeni torpaqlar əldə etmək üçün hücuma keçdi. Bu isə Ermənistan ordusunun sonu oldu. Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan da əks-həmləyə başladı və beləliklə II Qarabağ savaşı başladı”.

S. Hümbətov qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ savaşı bir çox yönü ilə yadda qaldı:
 
"1) Bu savaş Azərbaycanın 30 il ərzində həm siyasi, həm iqtisadi, həm də hərbi sahdə ciddi uğurlar qazandığını göstərmiş oldu.

2) Münaqişənin 30 ilə yaxın davam etməsində maraqlı olan bəzi qüvvələr, xüsusilə də Rusiyadakı və İrandakı bəzi qüvvələr Türkiyənin gücü qarşısında geri addım ataraq II Qarabağ savaşında açıq şəkildə Ermənistana dəstək verə bilmədilər.

3) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində ordumuz inamla irəlilədi və torpaqlarımız işğaldan azad edildi və münaqişənin həllində ciddi uğurlar əldə edildi.

4) Regionda yeni geosiyasi reallıqlar formalaşmağa başladı. Türkiyə artıq seyirci dövlət deyil, eyni zamanda təminatçı dövlət statusu əldə etmiş oldu.
Müharibənin başlamasından bəri Türkiyənin, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət Azərbaycanın Zəfərə daha inamla addımlamasına şərait yaratdı. Bundan sonra Azərbaycan regionda əsas rola sahib ölkə olacağı heçkim üçün sirr deyil. İndi növbəti hədəf Zəngəzur dəhlizinin açılmasına və rus "sülhməramlıları"nın Qarabağdan çıxmasına münbit şərait yaratmaqdan ibarət olmalıdır. Bunun üçün isə kifayət qədər potensial mövcuddur”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR