“Rədd ol, dedim...” – Xruşov istirahətə gəldiyi Belarusiyada birinci katiblə niyə dalaşıb?

“Rədd ol, dedim...” – Xruşov istirahətə gəldiyi Belarusiyada birinci katiblə niyə dalaşıb?
1964-cü ilin yanvar ayında Nikita Xruşovun Belarusiyaya səfəri planlaşdırıb. Səfər çərçivəsində baş katibin işgüzar görüşləri ilə yanaşı iki həftə Belarusiyada istirahət etməsi də nəzərdə tutulub. Amma Xruşov Minskdə iki həftə yox, cəmisi iki saat qalıb. Xruşov onun üçün ayrılmış iqamətgahda müttəfiq respublikanın birinci katibini təhqir edərək qovduqdan sonra, özü də Belarusiyanı tərk edib.
 
Maraqlıdır, Xruşovun qəzəbələnməsinə hansı hadisə səbəb olub? O, Belarusiyada istirahət planını niyə təxirə salıb?

Sfera.az hadisənin təfərrüatları ilə bağlı yazını təqdim edir.

Yuxarıda qeyd etdiyimiz kimi 1964-cü ildə  Xruşov qış istirahətini Belarusiyada keçirməyi planlaşdırıb. Bununla bağlı Belarusiyanın birinci katibi Kiril Mazurov əvvəlcədən məlumatlandırılıb. Ali qonağın şərəfinə yüksək səviyyədə ciddi hazırlıq işləri görülüb. Baş katib Minskə günorta saatlarında çatıb və birbaşa onun üçün ayrılmış qonaq evinə yollanıb. Həmin gün üçün Xruşov heç bir işgüzar görüş, müşavirə və iclas nəzərdə tutmayıb. Bir-iki saatlıq istirahətdən sonra Mazurov həmin qonaq evində Xruşovla görüşüb.

 
Onlar qeyri-rəsmi şəraitdə respublikadakı vəziyyəti müzakirə ediblər. Daha sonra Xruşov gələcək planları haqqında danışıb və bildirib ki, kənd təsərrüfatı sahəsinə partiya nəzarətinin gücləndirilməsi məqsədilə vilayət partiya komitələrini iki yerə bölməyi planlaşdırır, yəni, kənd təsərrüfatı üzrə və sənaye üzrə vilayət partiya komitələri. Mazurov Xruşova bu ideyasının özünü doğrultmayacağını söyləyib və belə əsaslandırıb ki, belə olduğu halda şəhər strukturları məsuliyyətdən azad olaraq kəndlərə heç bir köməklik göstərməyəcək. Xruşov Mazurovu sona qədər dinləmədən səsinin tonunu qaldırıb:

- Sən heç nə anlamırsan. Çünki sən kütsən, heç nədən anlayışın yoxdur. Sən yalnız hamının dediklərini təkrarlayırsan. Ay kütbeyin, sən mənə ağıl qoymaq fikrindəsən? Sən kimsən axı?

Mazurov təmkinini pozmadan fikirlərini yenidən izah etməyə çalışıb. Ancaq Xruşov imkan verməyib:

- Rədd ol, buradan!

Mazurov bu təhqirdən sonra da təmkinini pozmayıb:

- Nikita Sergeyeviç, bəlkə münasibətlərimizi aydınlaşdıraq?

- Rədd ol, dedim, otağı tərk elə.



Mazurov otağı tərk edib. 10 dəqiqədən sonra Xruşov həyətə çıxıb. Köməkçisindən maşını və sürücünü tələb edib. Onlar Belarusiyanı tərk ediblər.
Xruşov Minskdən Kiyevə yollanıb. Kiyevə çatan kimi Mərkəzi Komitənin katibi Frol Kozlova zəng vurub, Belarusiyaya birinci katib üçün namizədlərin seçilməsini göstəriş verib.

Təbii ki, Mazurov onu nələr gözlədiyini yaxşı anlayıb. Amma o, Xruşovu nələr gözlədiyini bilməyib. Xruşov Belarusiyaya birinci katib namizədlərini araşdıranda, Mazurovu vəzifədən uzaqlaşdırmaq istəyəndə, 1964-cü il oktyabr plenumunda onun özünü vəzifədən uzaqlaşdırıblar.

Brejnev hakimiyyətə gəldikdən sonra kadr islahatları keçirəndə Mazurovu Moskvaya dəvət edib və onu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edib. Amma Mazurov Brejnevlə də münasibətləri tənzimləyə bilməyib.



Ümumiyyətlə, Mazurov olduqca bacarıqlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik, siyasi cəhətdən mükəmməl bir kadr sayılıb. Onun yeni vəzifədəki fəaliyyəti istər öklədə, istərsə də xaricdə diqqətçəkən olub. Hətta bəzi qərb ölkələri Mazurovu gələcəkdə SSRİ-nin rəhbəri kimi görüblər. Sözsüz ki, bu da Brejnevi narahat edib.

Brejnev Mazurovla bağlı "narahatlığını” aradan qaldırmaq üçün tədbir görməyi zəruri sayıb. Mazurovun başçılığı ilə SSRİ nümayəndə heyətinin Vyetnama səfərini televiziya ilə göstərəndə Brejnev ilk dəfə "qısqanclığını” Mixail Suslova bildirib:

- Mixail Andreyeviç, partiyanın baş ideloqu kimi sizə elə gəlmir ki, biz Mazurovu həddindən artıq şişirdirik?

Suslov dərhal Mazurovla bağlı kursu hansı istiqamətə yönləndirməyi anlayıb.



Brejnev-Mazurov münasibətləri 1978-ci ildə pik həddə çatıb. Həmin  ilin payız aylarında Kremldə bir neçə nəfər arasında Brejnevin üçüncü dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunması məsələsi müzakirə olunanda Mazurov buna etirazını bildirib:

- Biz Brejnevi üçüncü dəfə qəhrəman etməklə, onu dünya ictimaiyyətinə ayı enerjili siyasətçi kimi təqdim etmiş oluruq. Mən bunu məqsədəuyğyn saymıram.
 
Suslov Mazurovun bu münasibətini Brejnevə çatdırıb. Leonid İliç Mazurovla açıq danışığa gedib:

- Biz uzun illər partiyaya xidmət etmiş silahdaşlarıq. Amma belə düşünürəm ki, artıq sizin siyasi səhnədən getmək vaxtınız yetişib. Büro belə qərara gəlib ki, siz könüllü olaraq öz ərizənizlə getsəniz daha yaxşı olar. Və açığını deyim ki, mən sizinlə işləmək istəmirəm.

Mazurov Brejnevlə müzakirə açmayıb və fikrini bir cümlə ilə bildirib:

- Leonid İliç, əgər bilmək istəyirsinizsə, heç mən də sizinlə işləmək istəmirəm.

Bununla da Kiril Mazurovun vəzifə karyerasına son qoyulub.



Brejnevin dəfni zamanı növbəti baş katib olacaq Yuri Andropov mərasimdə iştirak edən Mazurovla görüşüb. Mazurov bu görüşü arzuolunmaz sayaraq bir cümlə işlədərək Andropovdan uzaqlaşıb:

- Mənə qarşı böyük ədalətsizlik etdiniz.

Qeyd edək ki, Kiril Mazurov Brejnevdən sonra Andropovun da, Çernenkonun da dəfn mərasimlərində iştirak edib. O, 1989-cu ildə 75 yaşında vəfat edib.
 
İlham Cəmiloğlu
Sfera.az
 
 
 
 
 
 
 
 
 


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...