Tramp haqda daha bir maraqlı İDDİA: Casusluq firması ilə əlbir oldu

Dünya
11:50 / 07.05.2018
1822
İranın nüvə proqramı ilə bağlı imzalanan müqaviləyə dəyişikliklər edilməsini tələb edən, əks təqdirdə 12 mayda müqavilədən çıxacağını bəyan edən ABŞ prezidenti Donald Tramp ilə bağlı maraqlı iddia gündəmə gəlib.
Sfera.az xəbər verir ki, İngiltərənin "Guardian” qəzetinin bazar buraxılışı "The Observer” Trampın komandasının keçən il İsrailə məxsus casusluq firması ilə razılaşma əldə etdiyini yazıb. Casusluq firması sabiq ABŞ prezidenti Barak Obama dövründə İranla müqavilənin bağlanmasını təmin edən yüksək vəzifəli şəxslərə qarşı kəşfiyyat fəaliyyəti aparıb. Məqsəd həmin şəxslərə qarşı kompromat məlumatların toplanması və bununla İranla bağlanan müqavilənin gözdən salınması olub.
"Observer”ə məlumat verən mənbə Trampın keçən il İsrailə səfəri zamanı administrasiya üzvlərinin özəl xidmət göstərən casuslarla görüşdüyünü bildirib.
Bu heyət Obamanın milli təhlükəsizlik müşaviri müavini Ben Rodsa və vitse-prezident Con Baydenin milli təhlükəsizlik müşaviri Kolin Kahla ləkə yaxmaq üçün danışıqlar aparıb. Qəzetə məlumat verən mənbə planı "kirli oyunlar kampaniyası” adlandıraraq, "Tramp üçün işləyən adamlar İranla razılaşmanın qəbul edilməsində rolu olan şəxsləri gözdən salmaq və bu yolla müqavilədən çıxmağı asanlaşdırmağı düşünürdülər”, - deyib.
Sfera.az