“İsraili istənilən təhlükədən...” - Bayden-Netanyahu danışığının DETALLARI

“İsraili istənilən təhlükədən...” - Bayden-Netanyahu danışığının DETALLARI

Avqustun 2-də ABŞ Prezidenti Co Baydenlə israilli həmkarı Benyamin Netanyahu arasında telefon danışığı olub. Hər iki lider İsrailin ballistik raket və dronlara qarşı müdafiəsinin gücləndirilməsini də nəzərdən keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri siyasi şərhçi Kənan Novruzov bildirib.

 

“C. Bayden eyni zamanda Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini B.Netanyahunun diqqətinə çatdırıb. “İsraili İran, HƏMAS, “Hizbullah” və husilərdən yönələcək istənilən təhlükədən müdafiə etməyə hazırıq”, - ABŞ dövlət başçısı əlavə edib. Yaxın Şərqdə İsraillə HƏMAS arasında davam edən müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, perspektivdə savaş iştirakçılarının sayı arta bilər. Bu isə daha ciddi hərbi – siyasi böhran deməkdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin müharibəyə qoşulmaq ehtimalı ilə bağlı bu yaxınlarda verdiyi siqnal, həmçinin İsrailin Livana hücumları, HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsi və digər məqamlar müharibənin perspektivdə genişlənməsi ilə bağlı ehtimalları artırır. Yeri gəlmişkən, qeyd edək ki, İ.Haniyənin məhz Tehranda və İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində öldürülməsini təsadüf hesab etmək olmaz. Bunun gələcəkdə İranın İsrailə cavabı ilə nəticələnməsi və beləliklə müharibənin genişlənməsi üçün zəminin yaradılması mümkündür”.

 

K.Novruzovun sözlərinə görə, İran rəsmilərinin səsləndirdiyi bəyanatlar, o cümlədən xəbərdarlıqlar onu deməyə əsas verir ki, rəsmi Tehran intiqam almağa çalışacaq:

 

“Bu, həm də onunla bağlıdır ki, M.Pezaşkian hakimiyyətə yeni gəlib. O, özünü doğrultmağa, xüsusilə daxili auditoriyanın inamını realizə etməyə çalışacaq. Əvvəl də dediyimiz kimi, HƏMAS liderinin Tehranda öldürülməsi əslində həm də M.Pezaşkiana təhdid və xəbərdarlıqdır. İ.Haniyənin ölümündə İsraildən daha çox ABŞ-nin əlinin olması daha ağlabatandır. Ola bilsin, Vaşinqton bu yolla Tehranı avantüraya çəkmək istəyir. C.Baydenin səsləndirdiyi fikirlərə gəldikdə isə deməliyik ki, əslində iki cümlə arasında ziddiyyət var. Belə ki, ABŞ Prezidenti bir yandan İsraili istənilən təhlükədən müdafiə edəcəyini bildirib, digər tərəfdən isə gərginliyin azaldılmasının vacibliyini diqqətə çatdırıb. İndi əsas sual budur: ABŞ İsraili hara qədər dəstəkləyəcək? Vaşinqton Yaxın Şərqdə də Şərqi Avropa siyasətini təkrarlayacaq? Savaş böyüyərsə, ABŞ nə edəcək? ABŞ-də hazırda hakimiyyətdə olan Demokratlar iqtidarlarını qorumaq üçün bir çox alətlərdən, o cümlədən ölkənin xarici siyasət kursundan istifadə edirlər. Bu mənada, yəqin ki, Demokratlar müharibənin gedişatı ilə bağlı qərar verməzdən əvvəl ciddi düşünəcəklər. Adətən demokratik cəmiyyətlərdə xalq mövcud hakimiyyətin başqa ölkədə müharibə aparmasına qarşı çıxır. Çünki bu, hər şeydən əvvəl iqtisadiyyata ziyandır. Yalnız milli təhlükəsizliyə təhdid yaranacağı təqdirdə xalq müharibəni dəstəkləyir. Böyük ehtimalla müharibənin miqyası genişlənəcək, İran da gələcəkdə “bataqlığa” çəkiləcək. Amma ABŞ mümkün qədər çalışacaq ki, İsrail vasitəsilə proksi müharibə aparsın, savaşa birbaşa qoşulmasın”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR