"Onlar məsuliyyətə cəlb oluna bilər" - Hərəkəti məhdudlaşdıran sıxlıqla bağlı AÇIQLAMA

Yol-nəqliyyat hadisələri baş verən zaman insanların bir çoxu qəzanı izləmək üçün həmin ərazidə toplaşırlar. Bu da daimi hərəkət olan yolda sıxlığın yaranmasına səbəb olur. Bu sıxlıq polislərin xilasetmə cəhdlərini və digər avtomobillərin hərəkətini məhdudlaşdırır.
Bəs, bu vətəndaşlarla bağlı İnzibati Xətalar Məcəlləsində tənbeh və ya cərimə proseduru icra olunurmu?
Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, İnzibati Xətalar Məcəlləsində bununla bağlı konkret cəza proseduru yoxdur. “Həmin şəxslər hadisəni izlədikləri üçün cərimə oluna bilməzlər. Əgər, dayanma-durma qadağan edilən yolda maşını saxlayarlarsa cərimə tətbiq olunur. İnsanlar piyada keçidi olmayan ərazidə sıxlıq yaradarlarsa, onlar inzibati məsuliyyətə cəlb oluna bilərlər".
Ekspert bildirib ki, bəzi insanların niyyəti qəzada xəsarət alanlara kömək etməkdir. “Bir çoxu isə baş verən fəlakətdən reklam məqsədilə istifadə etməyə çalışır. Həmin qəzanın görüntülərini tiktok və instagramda paylaşaraq şou yaratmaq istəyirlər. Bəzi qəzalar hadisə yerinə toplaşan insanların səhlənkarlığı ucbatından baş verir. Yoldan keçən maşınların həmin insanlara xəsarət yetirməsi faktı ilə dəfələrlə rastlaşmışıq. Bu halların qarşısının alınması üçün xüsusi tədbirlər görülməlidir”.
Ülkər Abdurahmanlı