Rusiya-NATO müharibəsi ssenarisinin PƏRDƏARXASI: Sənədlər niyə sızdırıldı?

Rusiya-NATO qarşıdurması ilə bağlı sızdırılan məlumatlar gündəm olub. Almaniyanın “Bild” nəşri tərəfindən dərc edilən “Bundesver” sənədlərinə görə, sözügedən müharibə 2025-ci ilin yayında başlaya bilər. Avropa İttifaqının hərbi və mülki orqanlarının nümayəndələri isə bu sənədləri “uydurma” və ya “ehtimal olunan gələcək” adlandırırlar.
Sfera.az bildirir ki, alman ordusunun ssenarisinə əsasən, Ukrayna 2024-cü ildə uduzacaq və suveren dövlət kimi mövcud olmayacaq. İddialara görə, bu ilin fevralında Rusiyada yeni səfərbərlik dalğası başlayacaq və daha 200 min insan orduya çağırılacaq. Nəticədə yazda Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunu məğlub edəcək, iyulda isə Baltikyanı ölkələrdə kütləvi kiberhücumlara və hibrid müharibənin digər formalarına başlayacaq. Burada rusdilli əhali getdikcə daha çox ayrıseçkiliyə məruz qalacaq. Oktyabr ayına qədər qoşunların bir hissəsi sərhəd münaqişəsinə başlamaq üçün Kalininqrada köçürüləcək. NATO isə 2025-ci ilin mayında baş verənlərə reaksiya verəcək və şərq cinahına 300 min əsgər göndərəcək. Onların arasında təxminən 30 min alman olacaq.
“Pravda” nəşri qeyd edib ki, hazırda bütün Aİ ölkələrində əhali arasında müharibə əleyhinə əhval-ruhiyyə üstünlük təşkil edir: “Almaniyada bu ən yüksək səviyyədədir. Lakin Almaniya hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün “Rusiya ilə müharibə kartı” oynamaq fikrindədir”.
Nəşr vurğulayıb ki, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi də “Bild” nəşrinin sızdırılan məlumatlarını təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib: “Lakin NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin direktoru Janis Sarts bunu şərh edib. Onun sözlərinə görə, bu sənəd yalnız alyansın imkanlarını yoxlamaq üçün “xəyali təlim ssenarisi”dir”. Rusiyanın Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviç isə ölkədə heç bir səfərbərliyə ehtiyac olmadığını bildirib: “Avropada yeni cəbhənin açılması və ya Baltikyanı ölkələrin işğalının heç bir məntiqi əsası və mənası yoxdur. Birincisi, bunlar NATO ölkələridir. Biz başa düşürük ki, Rusiya ilə NATO arasında birbaşa silahlı münaqişə nüvə silahından istifadəyə gətirib çıxara bilər. Əgər NATO qəfil münaqişə yaratmaq istəsə və Kalininqradı hər tərəfdən mühasirəyə almağa başlasa, əlbəttə ki, Rusiya ilə alyans arasında birbaşa silahlı münaqişə nüvə silahının tətbiqinə gətirib çıxaracaq. Rusiya bu regionu silahlı yolla blokdan çıxaracaq. Bu dəfə tamamilə fərqli silahlardan istifadə olunacaq. Biz isə bu barədə onlara xəbərdarlıq etmişik”.
Qeyd edək ki, “Bild” nəşrinin sözügedən məlumatına Kremldən də reaksiya gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu informasiyanı “növbəti saxtakarlıq” adlandırıb.
Günay