“Bu beynəlxalq təşkilatlar nüfuzunu itirib” – AÇIQLAMA

Dünya İqtisadi Forumu və Ümumdünya Səhiyyə Təşkilatı artıq iqtisadi və humanitar təşkilat deyil. Bu təşkilatları çəkinmədən böyük və gizli qüvvələrin qlobal siyasi təşkilatı adlandırmaq olar.
Sfera.az xəbər verir ki, bu fikirləri hüquqşünas Vüqar Dadaşsoy bildirib.
Onun sözlərinə görə, qlobal güclərin bu təşkilatları iqtisadi və humanitar yöndən siyasi təsir, rıçaq alətinə çevirməsi artıq danılmaz faktdır:
“II Dünya müharibəsindən sonra, dünya dövlətlərinin mütləq çoxluğunun dəstəyi və üzvlüyü ilə dünyanın siyasi düzənini, balansını tənzimləmək üçün məhz Beynəlxalq Millətlər Təşkilatı (BMT) yaradılıb. Ancaq BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvünün (ABŞ, SSRİ-Rusiya, Böyük Britaniyanın, Çin, Fransa) bu təşkilatı öz məqsədləri üçün istifadə etməsi və dəyişən zamanla islahatlara getməməsi, əlbəttə ki, BMT-ni, bu nüfuzlu təşkilatı əhəmiyyətsiz və təsirsiz təşkilata, yəni siyasi təşkilatdan humanitar təşkilata çevirib. Əlbəttə ki, rəqabət aparan sivilizasiyaların və dövlətlərin hədəflərinin reallaşması ancaq hərb yolu ilə deyil, məhz belə qlobal təşkilatların vasitəsilə çox asanlaşır. Sözsüz, bu, silahsız cəbhədir”.
Hüquqşünas bildirib ki, bu silahsız cəbhədə dövlətimizin iqtisadi cəhətdən asılılığını minimuma endirməyə və hərbi gücümüzü artırmağa davam etməliyik. “Beynəlxalq müstəvidə isə siyasi-diplomatik fəaliyyətimizi müttəfiqlərimizlə koordinasiyalı şəkildə həm gücləndirməli və həm də genişləndirməliyik”.
Ülkər Abdurahmanlı