Çin banklarından Rusiya ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Çinin bəzi dövlət bankları ABŞ-nin ikinci dərəcəli sanksiyalarından yayınmaq üçün Rusiyadan olan müştərilərə maliyyə xidmətinin göstərilməsini məhdudlaşdıracaq.
Sfera.az xəbər verir ki, bununla bağlı “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Çinin iki dövlət bankı məhdudiyyət tədbirlərini gücləndirib. Agentlik bankların adını açıqlamayıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda Co Bayden hökuməti sanksiyalara məruz qalan qurumlara maliyyə xidmətində köməklik edən təşkilatlara qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinə dair fərman imzalayıb. Bu fərman ABŞ Xəzinədarlığına imkan verir ki, Rusiyada sanksiyaya məruz qalan şəxslərə, şirkətlərə maliyyə əməliyyatları aparmağa kömək edən və ya Rusiya ordusuna müəyyən material, avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər görsün.
Sözügedən fərmanın imzalanmasından sonra ən azı iki Çin bankı Rusiya ilə qarşılıqlı əlaqələrini nəzərdən keçirməyə başlayıb. Mənbənin məlumatına görə, onlar sanksiya siyahılarına daxil edilmiş müştərilərlə əlaqələri kəsmək niyyətindədirlər və Rusiyanın hərbi sektoruna maliyyə xidmətləri göstərməyi dayandıracaqlar.
“Bloomberg” yazır ki, yeni qaydalar Rusiyada bizneslə məşğul olan və ya üçüncü ölkələr vasitəsilə Rusiyaya vacib mallar tədarük edən əcnəbilərə də təsir edəcək. Bu malların siyahısına informasiya-kommunikasiya texnologiyaları, müdafiə, tikinti, aerokosmik və emal sənayesi üzrə istehsalı təmin edən avadanlıqlar və digərləri daxildir.
Xatırladaq ki, bəzi Çin bankları hələ 2022-ci ilin fevralında, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra rus müştərilərinə məhdudiyyətlər qoymağa başlayıb.
Vasif