Əliyevin tarixi mesajı: 500 illik qanlı dövr bitir, bu ölkələr xilas olur

Əliyevin tarixi mesajı: 500 illik qanlı dövr bitir, bu ölkələr xilas olur

Hər vəchlə Ermənistanın maraqlarını qoruyan, Qarabağdakı separatçıları himayə edən, erməni lobbisi, diasporu və kilsəsinin istəklərini yerinə yetirən Fransa Afrika qitəsini itirmək üzrədir. Belə ki, Mali, Burkina-Fasonun ardınca Niger də Parisdən üz döndərib. Xüsusilə iyulun 26-da Nigerdə Prezident Qvardiyasının qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırmasının ardınca Fransa ilə iplər qopub. 


Ümumiyyətlə, Afrika qitəsinin avropalılar tərəfindən koloniləşdirilməsi XV əsrdə Portuqaliya və İspaniya ilə başlasa da, qitənin bütövlükdə Avropa ölkələri arasında bölünməsi XIX əsrin sonuna təsadüf edir. 


Afrika qitəsindən ən böyük payı qoparan ölkələrdən biri də Fransadır. Rəsmi Paris 1960-cı illərə qədər Afrika ölkələrinin bir qismini müstəmləkəsi kimi saxlaya bilsə də, sonda müstəqilliklərini tanımağa məcbur oldu. Bu ölkələr XX əsrin ikinci yarısından etibarən müstəqilliklərini qazansalar da, Fransa koloniolizm və imperializm siyasətini neokoloniolizm və neoimperializmlə əvəzləyib.


Ancaq son illər Afrika ölkələri Fransa ilə siyasi, iqtisadi və hərbi əlaqələrdən imtina etməyə başlayıblar. Fransanın Afrikada itirdiyi ölkələrin Rusiya, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Hindistanla əməkdaşlıq etməsi diqqət çəkir.


Hazırda Afrika ölkələri ilə yaxından maraqlanan digər ölkə Azərbaycandır. Məsələ budur ki, Azərbaycan Afrika ölkələrini regionda ən yaxşı tanıyan və anlayan ölkədir. Çünki ölkəmiz SSRİ dövründə qitə ilə aparılan danışıqların koordinasiya mərkəzi olub. Bir çox azərbaycanlı diplomat SSRİ-nin Afrika siyasətinin aparıcı şəxsləri hesab edilirdi. Bundan başqa, Azərbaycan universitetləri hər zaman afrikalı tələbələrin müraciət etdiyi təhsil ocağı olub. Anqola Prezidenti Joze Eduardu Duş Santuş (José Eduardo dos Santos) 1963-1969-cu illərdə ADNA-da təhsil alıb. 


Azərbaycan müstəqillik qazandıqdan sonra Afrika ölkələri ilə əlaqələr zəifləsə də, Bakının Qoşulmama Hərəkatına sədrliyi qitə ölkələri ilə münasibətlərin növbəti inkişafına zəmin yaratdı. Hətta 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin daha üç il uzadılması qərarını dəstəkləyən ölkələrin əksəriyyətini Afrika ölkələri təşkil edirdi.


Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə üçüncü dünya ölkəsi kimi tanınan, daxili və xarici siyasi problemləri gözardı edilən bir çox Afrika ölkəsinə problemlərini dilə gətirməsi üçün geniş platforma tanıyıb. Hətta BMT-də belə sözünü deyə bilməyən, səsini eşitdirməyən bu ölkələr Qoşulmama Hərəkatında bu imkana sahib olub. 


Prezident İlham Əliyev Qoşulmama Hərəkatının bu ilin martındakı sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı qanlı müstəmləkə keçmişinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.


Göründüyü kimi, Bakı digər ölkələr kimi dini-ideoloji, iqtisadi, mədəni və s. aspektlərdə deyil, birbaşa Afrika ölkələrinin öz maraqları və tarixi reallıqları əsasında dəstəyini nümayiş etdirir. 


Hesab etmək olar ki, Bakının siyasi dəstəyi Fransanın Afrika ölkələri üzərindəki hakimiyyətini sarsıdacaq dərəcədə ciddi hal alıb.


Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR